Nərimanov rayonunda narkomaniyaya qarşı profilaktik maarifləndirici tədbirlər davam etdirilir.
31 oktyabr 2014-cü il tarixdə Nərimanov rayonunda fəaliyyət göstərən 178 saylı orta məktəbdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizədə silsilə tədbirlər çərçivəsində şagirdlərlə profilaktik maarifləndirici görüş keçirilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın və Nərimanov Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Nihat Quliyev və Kənan Babayev, Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməlyyat müvəkkili, polkovnik – leytenant Sabir Qəmbərov, Respublika Narkoloji Mərkəzinin narkoloq həkimi Elçin Aslanov, məktəbin şagird və müəllimləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti baş məsləhətçisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın məsul katibi Nihat Quliyev bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən problemlərdəndir. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüş, ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərində iştirakı daha intensiv xarakter almışdır.
Azərbaycan Respublikası Prezidenti İlahm Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının icrası ilə bağlı Nərimanov rayonunun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası müvafiq tədbirlər həyata keçirir.
Tədbirdə çıxış edən Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməlyyat müvəkkili, polkovnik – leytenant Sabir Qəmbərov, Respublika Narkoloji Mərkəzinin narkoloq həkimi Elçin Aslanov narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğunu, bu bəlaya qarşı aparılan mübarizə metodlarından və qəbul olunan dövlət proqramından danışaraq bu sahədə daha ciddi addımların atılmasının, təbliğat işlərinin artırılmasının vacibliyini bildiriblər.
Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verilmişdir.
Sonda tədbir iştirakçısı şagirdlərin təklifləri dinlənilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.
Qeyd edək ki, həmçinin rayon ərazisində yerləşən 57 saylı orta məktəbdə də oxşar maarifləndirici tədbir keçirilmişdir.