Prezident İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verdi ki, stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri Koreya Respublikasının “Samhwa Telecom” şirkəti tərəfindən həyata keçirilmişdir. Oturacaqlarının sayı 29 min 870-dən 31 min 200-ə çatdırılmış stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulmuşdur. Meydançanın ot örtüyünün alt hissəsində torpaqbərkitmə işləri yerinə yetirilmiş, drenaj sistemi və Almaniya istehsalı olan xüsusi isitmə sistemi quraşdırılmışdır.
Stadionun ot örtüyünün yenidən qurulması Niderlanddan gətirilmiş xüsusi toxum vasitəsilə həyata keçirilmişdir. Meydançanın ətrafındakı qaçış zolağı da Almaniyadan gətirilmiş xüsusi örtüklə yenidən qurulmuşdur.
Oyunlar zamanı meydançanın işıqlandırılması üçün köhnə projektor dirəkləri sökülmüş, yeni müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Diqqətə çatdırıldı ki, stadionda tribunaların üstünün bağlanması üçün Koreya Respublikasından gətirilmiş xüsusi fəza konstruksiyası quraşdırılmış və 30 min kvadratmetr ölçüdə yanğına və digər təsirlərə davamlı xüsusi membran örtüklə tam örtülmüşdür.
Bildirildi ki, tribunada hər biri 10 nəfərlik 16 “ailə baxış otağı” da inşa edilmişdir. Üst hissəsində böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilmiş 500 nəfərlik xüsusi oturacaqlar qurulmuşdur.
Qeyd edildi ki, tribunanın alt hissəsində dörd komandanın istifadəsi üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, konfrans zalı, məşqçilər, hakimlər üçün otaqlar, həkim otağı, dopinq nəzarət otağı və digər köməkçi otaqlar yaradılmışdır. Burada, eyni zamanda, mərkəzi idarəetmə və təhlükəsizliyə nəzarət-müşahidə otağı və şərhçi otaqları inşa edilmişdir. Bütün otaqlar müasir yanğın təhlükəsizliyi və mərkəzi havalandırma sistemləri ilə təchiz olunmuşdur. Əlillərin tribunaya qalxmaları üçün xüsusi lift quraşdırılmışdır.
Məlumat verildi ki, stadionun VİP binası və tribunası da əsaslı surətdə yenidən qurulmuşdur. Burada, həmçinin Türkiyə istehsalı olan mebellərlə təchiz edilmiş 205 nəfərlik restoran yaradılmışdır.
Bildirildi ki, stadionda əlavə olaraq məşqlərin keçirilməsi üçün nəzərdə tutulan mövcud futbol meydançası yenidən qurulmuş, soyunub-geyinmə otaqları, sanitar qovşaqları, duş kabinələri olan bina inşa edilmişdir.
Diqqətə çatdırıldı ki, stadionda ot örtüyünün isitmə sistemini istiliklə təmin etmək üçün qazanxana inşa edilmişdir. Giriş hissədə eyni vaxta 50 nəfərin keçə biləcəyi turniket keçid sistemi quraşdırılmışdır. Stadionun fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılmışdır. Burada quraşdırılmış 44 işıqlandırma dirəyinə təhlükəsizlik nəzarət kameraları və səsgücləndirici dinamiklər birləşdirilmişdir. Stadionun daxili və xarici elektrik, su-kanalizasiya, rabitə, internet şəbəkəsi və qaz xətləri tamamilə yenidən qurulmuşdur.
Ərazidə 2 min kvadratmetr sahədə yaşıllaşdırma işləri görülmüşdür.
Prezident İlham Əliyev stadionda görülmüş işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.