Əlillərin stolüstü idman oyunları üzrə IV Ümumrespublika yarışlarında Nərimanov rayonunu təmsil edən idmançılar şahmat və dama növləri üzrə kişilər arasında I yeri, şahmat növü üzrə qadınlar arasında isə III yeri tutub.
Əlillər arasında bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək, əlillərin fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını, həmçinin bədən tərbiyəsi və idmanla fəal məşğul olmalarını təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi və Gənclər və İdman Nazirliklərinin birgə təsdiq etdikləri əsasnaməyə müvafiq olaraq 1 – 3 dekabr 2014-cü il tarixdə əlillərin stolüstü idman oyunları üzrə IV Ümumrespublika yarışlarının final mərhələləri keçirilib.
Kişilər və qadınlar arasında şahmat, kişilər və qadınlar arasında dama və kişilər arasında nərd yarışları Respublika Şahmat Mərkəzində, kişilər və qadınlar arasında stolüstü tennis yarışları Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reablitasiya Mərkəzində, 70 kq-dək və 70 kq-dan yuxarı çəki dərəcələrində kişilər arasında qol güləşi üzrə yarışlar Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində keçirilmişdir. 2 mərhələ - zonalar və final mərhələsi üzrə keçirilən yarışlarda 900-dən artıq sağlamlıq imkanları məhdud və əlil şəxslər iştirak ediblər.
3 dekabr tarixində Bakı Əyləncə Mərkəzinin Eliza zalında IV Ümumrespublika yarışlarının qaliblərinin təntənəli mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, Milli Məclisin deputatı Hadı Rəcəbli, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri, əlillərin stolüstü idman oyunları üzrə IV Ümumrespublika yarışlarının baş katibi Aydın Məmmədov və digər rəsmi şəxslər “3 dekabr – Beynəlxalq Əlillər günü” münasibətilə tədbir iştirakçılarını təbrik ediblər.
Kişilər arasında şahmat üzrə yarışda I yeri Əlizadə Vüqar (Bakı - Nərimanov rayonu), II yeri Məmmədov Mikayıl (İsmayıllı rayonu), III yeri Məmmədov Eldar (Oğuz rayonu), qadınlar arasında şahmat üzrə yarışda I yeri Vəlibəyova Billur (Şəki rayonu), II yeri Əsədova Samirə (Bakı – SİM GPRM), III yeri Quliyeva Anabacı (Bakı – Nərimanov rayonu), kişilər arasında dama üzrə yarışda I yeri Cabbarov Camal (Bakı – Nərimanov rayonu), II yeri Cəfərov Təvəkkül (Naxçıvan MR), III yeri Zeynalov Aydın (Bakı – Suraxanı rayonu), qadınlar arasında dama üzrə yarışda I yeri Quliyeva Kifayət (Bakı – Səbail rayonu), II yeri Qurbanova Gülbəniz (Ağcabədi rayonu), III yeri Nəsirova Aybəniz (Sumqayıt şəhəri), kişilər arasında nərd üzrə yarışda I yeri Əzizov Əlisahab (İsmayıllı rayonu), II yeri İsmayılov Mehman (Şirvan şəhəri), III yeri Əliyev Şükran (Kürdəmir rayonu), kişilər arasında stolüstü tennis üzrə yarışda I yeri Əsədov Fəzail (Bakı – Sabunçu rayonu), II yeri Aslanov Neman (Xaçmaz rayonu), III yeri Hüseynov Rauf (Bakı – Xəzər rayonu), qadınlar arasında stolüstü tennis üzrə yarışda I yeri Məmmədova Gülnarə (Bakı – SİM GPRM), II yeri Səfərova Solmaz (Bakı – SİM GPRM), 70 kq-dək çəki dərəcəsində qol güləşi üzrə yarışda I yeri Cumayev İlqar (Qax rayonu), II yeri İsayev Elməddin (Bakı – Xətai rayonu), III yeri İbrahimov Şərafəddin (Bakı – SİM GPRM), 70 kq-dan yuxarı çəki dərəcəsində qol güləşi üzrə yarışda I yeri Mustafayev Fuad (Sumqayıt şəhəri), II yeri İskəndərov Nizami (Xaçmaz rayonu) və III yeri Ağayev Dilqəm (Ağsu rayonu) tutublar.
Qaliblərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq dərəcəli diplomlar və pul mükafatları təqdim edilib. Tədbir konsert proqramı ilə yekunlaşıb.








