Nərimanov Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü qeyd edilib.
19 yanvar 2014-cü il tarixində Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyəti rəhbərliyinin rayonda yaşayan 20 Yanvar şəhid ailələri və əlilləri ilə görüşü keçirilib.
Öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar faciəsinin xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz, eyni zamanda xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış bu qanlı hadisənin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib.
Ş.İbadov deyib ki, həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi.
Natiq baş vermiş qanlı olaylardan dərhal sonra xalqımızın Ümummilli lideri Heydər Əliyevin Respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının mühüm əhəmiyyətini diqqətə çatdırıb. O, Ulu öndərin 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsində əvəzsiz rolunu xüsusilə vurğulayaraq bildirib ki, Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar faciəsi şəhidlərinin ailələrini, əlil olmuş vətəndaşlarımızı hər zaman diqqət mərkəzində saxlayıb. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməyi bacardı. Ulu öndərin diqqət və qayğısını bu gün layiqincə davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş şəxslərə verilən təqaüd və müavinətləri daim artırır və bu, gələcəkdə də davam etdiriləcəkdir.
Şəhid ailələri və əlillər adından çıxış edən 20 Yanvar Fondunun rayon şöbəsinin sədri Müxəstə Həsənova, bu dəhşətli qətliamı törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışıb, hadisələrə ilk dəfə siyasi-hüquqi qiymətin Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən verilməsini tədbir iştirakçılarının nəzərinə çatdırıb, şəhid ailələrinə və əlillərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib.
Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov və digərləri də çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaqdır. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə qəlbimizdə uca tutulacaqdır.
Tədbirin sonunda 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə və əlillərə Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilib.