“2 fevral – Azərbaycan Gəncləri Günü” ilə əlaqədar tədbir keçirilib.
2 fevral 2015-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə tədbir keçirilib.
Rayon rəhbərliyi, bir sıra hökumət və qeyri hökumət təşkilatlarının rəhbərləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və fəal üzvlərinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ilk öncə bütün Azərbaycan gənclərini bu əlamətdar bayram günü münasibətilə təbrik edərək, onlara gün-gündən daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
İlk öncə tədbir iştirakçıları ötən illər ərzində rayon gənclərinin aktiv fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar.
A.Fərzəliyev Azərbaycanın dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirildiyini nəzərə alaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci il tarixdə “2 fevral – Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” Sərəncam imzalandığını qeyd edərək, onun qüvvəyə mindiyi gündən hər il olduğu kimi bu gün də gənclər gününün böyük coşğu ilə qeyd edildiyini bildirib. Ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun beynəlxalq arenada layiqli yer tutmasına təkan verən gənclər siyasətinin banisinin Ulu Öndər Heydər Əliyev olduğunu diqqətə çatdıran A.Fərzəliyev gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq, Ümummilli Liderin 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə ölkəmizdə hakimiyyətə gəldikdən sonra gördüyü ilkin və mühüm işlərdən birinin gənclərin hüquqlarını müdafiəyə edən ilk dövlət qurumunun - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması olduğunu xüsusilə vurğulayıb. Ulu Öndərimiz Heydər Əliyev daim gənclərə böyük inam göstərir, onların qüvvəsinə güvənərək vurğulayırdı: “Gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir, onlar bizim bu günümüz, həm də gələcəyimizdir. Biz, Azərbaycan dövləti, xalqımız gənclərə böyük ümidlə baxırıq.”
Gənclərin hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirən natiq, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, Ümummilli Liderimizin siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin mühüm rolu olduğunu, eyni zamanda dövlətimizin başçısının bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərdiyini, dövlətin gənclər siyasətinin onun rəhbərliyi ilə yeni mərhələdə daha da inkşaf etdiyini diqqətə çatdırıb.
Mərasimdə çixiş edərək, hazırda Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şəraitin yaradıldığını, önlərində böyük qapılar, yollar açıldığını qeyd edən Milli Məclisin deputatı Adil Əliyev, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlərin görüldüyünü, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühitin yaradıldığını, gəncliyə göstərilən dövlət qayğısının sabaha və uğurlara hesablanan bir siyasət kimi sağlam və intellektual nəslin formalaşmasına xidmət etdiyini, bütün bunların isə Azərbaycan gəncliyinin gələcəyə daha böyük inamla baxmağa əsas verdiyini, həmçinin ölkə rəhbərinin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyinin xoşbəxt və firavan gələcəyə doğru qürurla addımladığını ifadə ediblər.
Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin keçirdiyi “İlin Gənclər və İdman İdarəsi” sorğusunda Nərimanov Rayon Gənclər və İdman İdarəsi birinci yerə layiq görüldüyünə görə mükafatlandılıb.
Tədbirdə həmçinin Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin adından “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirakına görə bir sıra gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbir tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etdirilib.