Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib.
3 fevral 2015-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2014-cü fəaliyyəti haqqında hesabat yığıncağı keçirilib.
Yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin rəhbərliyi, əməkdaşları və sakinlər iştirak edib.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elmar Abbasov yığıncaqda hesabatla çıxış edərək qeyd edib ki, Bakı şəhərində müasir infrastrukturların yaradılması, burada yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, paytaxtda müsbət dəyişikliklər davam edir, şəhərimizin siması günü-gündən gözəlləşir və müasirləşir. Bu dəyişikliklər Nərimanov rayonunda bütün sahələr üzrə öz əksini tapmış, son illər ərzində bir sıra əhəmiyyətli işlər, geniş miqyaslı abadlıq-quruculuq işləri və irimiqyaslı layihələr həyata keçirilib.
Paytaxtımızın sürətlə inkişaf edən rayonlarından olan Nərimanov rayonunun 3 nömrəli sahə inzibati ərazi dairəsində hazırda 72861 nəfər əhali yaşayır və yaşayış evləri, çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatlarının sayı 21225-dir.
Hesabat dövründə nümayəndəliyin ərazisində Rayon İcra Hakimiyyəti başçısının 10 səyyar qəbul və görüş keçirilmişdir. Keçirilən səyyar qəbul və görüş zamanı 800 sakin iştirak etmiş 95 müraciət qeydə alınmışdır. Qaldırılan problemlərin həli istiqamətində müvafiq işlər görülmüşdür.
Nümayəndəlikdə kargüzarlıq işləri Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq həyata keçirilmişdir. 2014-cü ildə nümayəndəliyə Rayon İcra Hakimiyyəti başçısının aparatından 12 məktub, 7 sərəncam, sakinlər tərəfindən isə 96 şifahi müraciət daxil olmuşdur. Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli SİƏD üzrə nümayəndəsinin qəbulunda 90 nəfər olmuş və rayon İcra Hakimiyyətinin 1643 nömrəli “Qaynar Xətt”indən 41 zəng daxil olmuşdur. Müraciətlərin əksəriyyəti öz həllini tapmış, bəzi müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilmiş və müəyyən köməkliklər göstərilmişdir.
Yığıncaqda çıxış edənlər, ərazidə yerləşən təşkilatların nümayəndələri hesabatla bağlı təklif və fikirlərini bildirmiş, onları narahat edən mövzular ətrafında müzakirələr aparılmışdır.