Nərimanov rayonu əhalisinin tibbi müayinədən keçirilməsi davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə cari ilin fevral ayının 2-dən may ayının 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində rayon əhalisinin tibbi müayinəsinin təmin edilməsi davam etdirilir.
23 fevral 2015-ci il tarixdə rayon ərazisində yerləşən 1 nömrəli Dəmir Yolu Poliklinikasında əhalinin növbəti tibbi müayinə prosesi keçirilib. Rayonda fəaliyyət göstərən bütün səhiyyə müəssisələri kimi sözügedən poliklinika da həmçinin, sakinlərin tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün ən müasir avadanlıqlarla təchiz olunub və lazımi şərait yaradılıb.
Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi üçün həyata keçirilən operativ tədbirlər sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir. Müəyyən səbəblərdən xəstəxanaya gəlmək imkanları məhdud olan xəstələrin müayinəsi üçün xüsusi həkim briqadaları fəaliyyət göstərir.
Fevralın 2-dən etibarən rayon üzrə 29 min 531 nəfərin müayinələrdən keçməsi təmin olunaraq, onlardan 23 min 164 nəfərdə hər hansı bir xəstəlik aşkar edilməyib, 6271 nəfərə ambulator, 96 nəfərə isə stasionar müalicə təyin olunub.
Müayinədən keçən sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu nəcib aksiyanı yüksək dəyərləndirərək, onların hər zaman qeydinə qalan ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər.