Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Avropa oyunlarına hazırlıqla əlaqədar tədbir keçirilib.

02 aprel 2015 | 15:00

2 aprel 2015-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin birgə təşkilatçılığı ilə  “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr” mövzusunda rayon müşavirəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahmar İbadov Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də digər rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri haqqında ümumi məlumat verərək, 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlər üzrə Nərimanov rayonu ərazisində bir sıra tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirildiyini nəzərə çatdırıb.
Ş.İbadov inşa edilən Olimpiya stadionunun ətrafında, xüsusilə Ziya Bünyadov prospekti boyu ərazilərdə geniş abadlıq və quruculuq işlərinin aparılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini, həmçinin rayon ərazisində yerləşən müəssisələrin ətraf ərazilərində abadlıq işlərinin aparılması, yaşıllıqların salınması və sanitariya–təmizlik işlərinin görüldüyünü, rayonun magistral prospekt və küçələrinin asfalt örtüyünün bərpası, binaların fasad hissələrinin koloristik həlli, eyvanlardan artıq elementlərin və əşyaların yığışdırılması, yolların kənarlarında mövcud yaşıllıqlara qulluğun təmin edilməsi, qurumuş ağacların kəsilməsi, digərlərinin budanılaraq, zövq oxşayan görkəmə salınması, park və xiyabanlarda səliqə-səhman yaradılması, oturacaqların təmir olunması, fəvvarələrin işlək vəziyyətdə olması üçün zəruri tədbirlərin görülməsi, oradakı qanunsuz köşk və tərəçələrin yığışdırılması, habelə rayon ərazisində fiziki və hüquqi şəxslər tərəfindən müvafiq sənədlər əsasında həyata keçirilən əsaslı tikinti işləri zamanı inşaat meydançasının hasarla əhatə olunmasının təmin edilməsi, ətraf ərazilərə toz-torpağın yayılmasının qarşısının alınması, eləcə də texniki kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar aparılan qazıntı işlərinin məhdudlaşdırılması, qısa müddətdə tamamlanması və asfalt örtüyü ilə bağlanması istiqamətində işlərə aidiyyəti qurumlarla birgə ötən ilin dekabr ayından başlanıldığını və cari ilin may ayının sonunda yekun vurulacağını bildirib.
Natiq, hazırda “Bakı -2015” I Avropa Oyunlarına daxil olan idman növlərinin rayonun idman ictimaiyyəti, tələbə və şagirdlər arasında təbliğ edilməsi, rayondan seçilmiş könüllülərlə işin qurulması, onlarla sıx əməkdaşlığın aparılması yönündə müvafiq tədbirlərin həyata keçirildiyini və Avropa Oyunları ərəfəsi aylarında və keçirilən müddətdə oyunlara vəsiqə qazanmış idmançılarla görüşlərin keçirilməsi, ölkəmizə gələn idmançılar və turistlər üçün mədəniyyət və istirahət parklarında mədəni-kütləvi tədbirlərin təşkilinin nəzərdə tutulduğunu qeyd edib.
Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev nümayiş olunan videogörüntülər əsasında “Bakı -2015” I Avropa Oyunlarının keçirilməsi qaydaları və təşkilati məsələlərlə bağlı məlumat verərək, bütün məsul təşkilatların üzərinə düşən vəzifələrin mükəmməl yerinə yetirilməsi üçün məsuliyyətin daha da artırılmasının zəruriliyini qeyd edib.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin direktoru Peter Aşvin Avropa oyunlarına hazırlıq və keçirilməsi dövründə idmançıların və digər xarici qonaqların təhlükəsizliyinin təmini istiqamətində aparılacaq əməliyyatlar haqda əyani məlumat verib.
Tədbirdə rayonun Fövqəladə Hallar Komissiyasının yerli özünüidarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin, idarə müəssisə və təşkilatlarının rayonda əhalinin və ərazinin fövqəladə hadisələrdən mühafizəsinin təmin etmək üçün mülki müdafiə işinin tədrisi, təşkili, baş verə biləcək fövqəladə hadisələrinin qarşısının alınması ilə bağlı Fövqəladə Hallar Nazirliyi və nazirliyin yerli orqanı olan Nərimanov Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi ilə daim qarşılıqlı surətdə fəaliyyət göstərərək operativ tədbirlərin həyata keçirilməsinə hər an hazır olmalarının vacibliyi vurğulanıb, həmçinin gələcəkdə bu cür əməkdaşlığın daha da məqsədəmüvafiq formada davam etdiriləcəyinə əminlik ifadə olunub.

Keçidlər