Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün təntənəli açılışı olmuşdur
Sentyabrın 12-də Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün təntənəli açılışı olmuşdur.
Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyeva iştirak etmişdir. Azərbaycan dövlətinin və Həştərxan vilayəti administrasiyasının rəsmi şəxsləri, Milli Məclisin deputatları, Azərbaycan icmasının nümayəndələri, şəhər sakinləri açılış mərasimində iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Həştərxanın mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə güllər qoymuşlar.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin mərasimi açaraq demişdir ki, bu gün Azərbaycan-Rusiya Dostluq körpüsünün açılması Həştərxan üçün həqiqətən mühüm tarixi hadisədir. Çünki Azərbaycan ilə Rusiyanın, Azərbaycan Respublikası ilə Həştərxan vilayətinin strateji maraqları sözdə deyil, işdə həyata keçirilir. Qubernator Həştərxanda Xəzər sahillərində tarixən yaşayan çoxsaylı xalqlar arasında dostluğun təməlinin qoyulmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi minnətdarlığını bildirmişdir. O vurğulamışdır ki, bunu biz yaşlılar da qiymətləndiririk və düşünürəm ki, gələcək nəsillər, övladlarımız da qiymətləndirəcəklər. A.Jilkin, həmçinin bu humanitar layihənin reallaşdırılmasına görə Heydər Əliyev Fonduna və onun mərasimdə iştirak edən vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirmiş, tədbirin iştirakçılarını əlamətdar hadisə münasibətilə təbrik etmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Həştərxan torpağında qonaqpərvərliyə görə təşəkkürünü bildirərək demişdir ki, bu gün burada ilk dəfə olmasından və Heydər Əliyev Fondunun Rusiya Federasiyasında həyata keçirdiyi layihələrlə tanışlıq imkanına görə çox şadam.
Xoş sözlərə, Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafına töhfəyə görə Həştərxan rəhbərliyinə təşəkkürünü bildirən Leyla xanım Əliyeva bildirmişdir ki, ölkələrimiz arasında əlaqələr qarşılıqlı hörmət, etimad və aşkarlığa əsaslanır. Azərbaycanda zəngin Rusiya mədəniyyətinə və dahi rus dilinə həmişə böyük hörmətlə yanaşılmışdır. Hazırda ölkəmizdə məktəblərdə rus dilinin tədrisi tam miqyasda saxlanılmışdır, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı, Rusiya Mədəniyyət Mərkəzi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı uğurla fəaliyyət göstərir.
Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini bildirən Leyla xanım Əliyeva vurğulamışdır ki, Azərbaycanda həmişə müxtəlif mədəniyyətlər və sivilizasiyalar mövcud olmuş, müxtəlif millətlərə və dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində yaşamışlar və yaşayırlar. Bu gün Bakıda müsəlman məscidləri, katolik və pravoslav kilsələri, yəhudi sinaqoqu fəaliyyət göstərir, bütün xalqlar böyük vahid ailə kimi yaşayırlar və bu, bizim zənginliyimizdir. Azərbaycan sürətlə inkişaf edir, yeni yollar, binalar, körpülər inşa olunur, bütün tarixi abidələr, muzeylər bərpa edilir. Bu gün Cənubi Qafqaz dövlətlərinin bütün iqtisadiyyatının 70 faizindən çoxu Azərbaycanın payına düşür. Bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti bildirmişdir ki, torpaqlarımızın 20 faizinin işğal edilməsi və ölkədə öz ev-eşiyinə, doğma torpaqlarına qayıtmaq imkanından məhrum 1 milyona yaxın qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycan elmin, mədəniyyətin, texnologiyaların inkişafına, təhsilə, səhiyyəyə, idmana böyük diqqət yetirir və bu nailiyyətlərin hamısında 2004-cü ildə ümummilli lider Heydər Əliyevin şərəfinə yaradılmış Heydər Əliyev Fondunun sanballı payı vardır.
Leyla xanım Əliyeva demişdir ki, Heydər Əliyev Fondu uğurlu fəaliyyəti ilə Azərbaycan əhalisinin bütün təbəqələrinin dəstəyini və etimadını qazanmışdır. Fond ölkədə 400-ə yaxın məktəb binası inşa və bərpa etmişdir. Onların hər birində ən yeni texnologiyalarla təchiz olunmuş kompyuter sinifləri vardır. Fond, həmçinin xeyriyyəçiliklə məşğul olur, xəstə uşaqlara kömək edir. Azərbaycanda Heydər Əliyev Fondunun dəstəyi ilə regionda ən böyük talassemiya mərkəzlərindən biri Bakıda inşa edilmişdir, uşaq evləri, internatlar tikilir.
Fondun ölkənin hüdudlarından kənarda Azərbaycanın zəngin mədəniyyətinə və qədim tarixinin təbliğinə ayırdığı böyük diqqətdən danışan Leyla xanım Əliyeva demişdir ki, ötən il dünyanın bir çox ölkələrində dövlət müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümünə həsr edilmiş tədbirlər keçirilmişdir. Tez-tez mədəniyyət gecələri, konfranslar, konsertlər, sərgilər təşkil olunur. Fondun “Baku” jurnalı ilə birlikdə təşkil etdiyi sonuncu tədbirlərdən biri “Bakıya uçuş” adlı müasir Azərbaycan incəsənəti sərgisi olmuşdur. Bu sərgi Londonda, Parisdə uğurla nümayiş etdirilmişdir. Yaxın vaxtlarda sərginin Berlində, Romada, Nyu-Yorkda və Moskvada təşkili nəzərdə tutulmuşdur.
Heydər Əliyev Fondunun dünya mədəniyyətinə və tarixinə böyük hörmətlə yanaşdığını vurğulayan vitse-prezident bildirmişdir ki, Fond dünyanın müxtəlif ölkələrində memarlıq abidələrini, tarixi binaları və muzeyləri, məktəbləri və s. bərpa edir.
Fondun fəaliyyətinin mühüm istiqamətlərindən biri də ətraf mühitin mühafizəsidir. Leyla xanım Əliyeva demişdir ki, ona görə də Heydər Əliyev Fondu bir il əvvəl “IDEA” adlı yeni beynəlxalq hərəkat yaratmışdır. Hərəkatın məqsədi planetimizi mühafizə etmək və gənclərə ekoloji problemlər barədə məlumat verməkdir. Bir il ərzində “IDEA” ağac əkilməsi, quş yuvalarının qurulması, konfransların və fotosərgilərin təşkili kimi bir sıra maraqlı və uğurlu layihələr həyata keçirmişdir.
Sonda Leyla xanım Əliyeva əmin olduğunu bildirmişdir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan və Rusiya Dostluq körpüsünün inşası yalnız başlanğıcdır, qarşıda bizi böyük işlər gözləyir, münasibətlərimiz isə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Dostluq körpüsünün rəmzi açılışını bildirən lenti kəsdilər.
Məlumat verildi ki, körpünün inşası barədə qərar 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxana səfəri zamanı qəbul edilmişdir. O zaman Rusiyanın bu şəhərində dahi Heydər Əliyevin abidəsi açılmışdı. 2011-ci ilin mayında “Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” I Rusiya-Azərbaycan Regional Forumu çərçivəsində Dostluq körpüsünün təməlqoyma mərasimi keçirilmişdir. Ölkələrimiz arasında mehriban dostluq münasibətlərinin rəmzinə çevrilən körpünün tikintisi Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilmişdir.
Piyadalar üçün Dostluq körpüsü Heydər Əliyev parkını I Pyotr meydanı ilə birləşdirir. Körpünün sürahisinin ornamentlərində Bakının və Həştərxanın rəmzləri – Qız qalası və Həştərxan Kremli əks olunmuşdur. Körpünün uzunluğu 50 metr, eni isə 6 metrdir. Körpü şəhər sakinlərinin bir sahildən digər sahilə keçməsini asanlaşdıracaqdır. Əvvəllər sakinlər kanalın o biri sahilinə keçmək üçün uzun yol qət etməli olurdular. Körpü həştərxanlılara dəyərli hədiyyədir.