Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışında iştirak edib

07 may 2015 | 15:00

Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışı olub.
  Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni inzibati binanın açılışında iştirak ediblər.
  Dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.
  Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi münasibətilə veteranları təbrik etdilər, ən xoş arzularını bildirdilər və onların ürək sözlərini dinlədilər.
  Veteranlar ulu öndər Heydər Əliyev ilə görüşlərini dərin ehtiram hissi ilə xatırladılar.
  Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binası ilə tanış oldular.
  Bina dövlətimizin başçısının müvafiq sərəncamı əsasında yaradılıb. Girişdə Ulu Öndərin büstü qoyulub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-mayor Dadaş Rzayev bildirdi ki, inzibati binadakı muzeydə elektron məlumat mərkəzi vasitəsilə Ümummilli Liderin veteranlarla görüşləri, Azərbaycan İkinci Dünya müharibəsi illərində, Azərbaycan Böyük Vətən müharibəsindən sonra, Prezident İlham Əliyevin veteranlarla görüşləri, Azərbaycan Qarabağ savaşında, ölkəmizin dünəni və bu günü mövzularında sənədlər, foto və videoarxivlə tanış olmaq mümkündür.
  Heydər Əliyev guşəsində müxtəlif fotolar və eksponatlar yer alıb. Burada veteranların və qonaqların müxtəlif kitabları mütaliəsi üçün də müvafiq şərait var. Prezident İlham Əliyevin veteranlarla görüşləri, veteranlara dövlət qayğısından bəhs edən guşədə də zəngin eksponatlara yer ayrılıb.
  Dövlətimizin başçısına məlumat verildi ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasında səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılıb. Qeyd olundu ki, müşavirə otağında da informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi maksimum diqqətdə saxlanıb. Müasirliyi ilə diqqəti çəkən akt zalında da müxtəlif tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait var. Binanın təchizatı ən yüksək standartlara cavab verir. Veteranlar burada gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün silsilə tədbirlər keçirə biləcəklər. İnzibati binanın dəhlizində Azərbaycanın Milli Qəhrəmanları və Sovet İttifaqı Qəhrəmanlarının şəkillərindən ibarət fotoguşələr yaradılıb. Ümumilikdə, yeni inzibati bina səmərəli fəaliyyət üçün hər cür şəraitə malikdir.
  Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva veteranlar ilə görüşdülər.
  Dövlət başçısı görüşdə çıxış etdi.
    Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-mayor Dadaş Rzayev çıxış edərək müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə bir daha minnətdarlığını bildirdi.
  General-mayor Dadaş Rzayev veteranlara göstərilən müstəsna diqqət və qayğıya görə ”Veteran Həmrəyliyi” medalını və vəsiqəsini dövlətimizin başçısına təqdim etdi.
  Dadaş Rzayev respublikamızda veteran hərəkatının gücləndirilməsinə və veteranlara göstərdiyi yüksək diqqət və qayğıya görə birinci xanım Mehriban Əliyevaya Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından “Veteranların qayğıkeşi” diplomunu təqdim etdi.
  Sonra dövlət başçısına yenicə nəşr olunan “ Azərbaycanlılar Böyük Vətən müharibəsində” kitabı, “İgid oğullarla bir cərgədə” ensiklopedik toplusu və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş “Sərkərdənin taleyi” kitabı, həmçinin yeni çap olunmağa başlayan “Azərbaycan veteranı” qəzetinin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş nömrəsi hədiyyə olundu.
  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bayrağı da Azərbaycan Respublikası Prezidentinə təqdim edildi. 
  Görüşün sonunda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva veteranları bir daha təbrik etdilər və ən xoş arzularını bildirdilər.
  Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər