Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin tələbələri arasında "Güllə atıcılığı" üzrə Nərimanov rayon turnirinin bağlanış mərasimi keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatı, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin tələbələri arasında "Güllə atıcılığı" üzrə Nərimanov rayon turnirinin bağlanış mərasimi keçirilib.
Tədbirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək və onların vətənpərvərlik ruhda böyüməsinə şərait yaratmaq olmuşdur.
Bağlanış mərasimində YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək qeyd etmişdir ki, Azərbaycan dövlətinin tarixi və taleyi Ulu Öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olmuşdur. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək bildirmişdir ki, Ümumilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə sürətli inkişafın getdiyi hər bir sahə kimi idman sahəsi də bu gün özünün ən uca zirvəsində yer alır. Bütün bu inkişafa, diqqətə və uğurlara görə hər zaman Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevə minnətdar olacağıq.
YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı iştirakçıları salamladı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışdı və qalibləri elan etdi.
Belə ki, turnirdə birinci yerin qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, ikinci yerin sahibi Odlar Yurdu Universiteti və üçüncü yerin sahibi isə Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti olmuşdur. Hər üç yerin sahibləri kubok, medal, diplom və mükafatlara layiq görülmüşlər.
Qeyd edək ki, turnirdə 8 ali təhsil müəssisəsinin komandası iştirak etmişdir: Azərbaycan Turizm və Menecment Universitetinin, “Bakı Avrasiya” Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, “Təfəkkür” Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, “Odlar Yurdu” Universitetinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının komandası.