Nərimanov rayonunda Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyi qeyd edilib.
9 may 2015-ci il tarixdə Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyi ilə əlaqədar təntənəli bayram tədbiri keçirilib.
Böyük Vətən müharibəsi veteranları, Milli Məclisin deputatları, MDB ölkələrinin ölkəmizdəki səfirlərinin və digər akkreditə olunmuş nümayəndələrinin, hərbçilər, gənclər, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Böyük Vətən Müharibəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra əllərində MDB dövlətlərinin bayraqlarını tutmuş gənc şahinlərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önündən fəxri keçidi olub.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə böyük töhfə veriyini, bu şanlı zəfərin əldə olunmasında çox böyük payı olan xalqımızın 640 mindən çox oğul və qızını cəbhəyə yola saldığını, onların təxminən yarısının döyüşlərdə həlak olduğunu bildirərək, həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyini vurğulamışdır.
A.Fərzəliyev xalqımızın faşizmə qarşı mübarizədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərdiyini qeyd edərək, şanlı Qələbəyə neft Bakısının töhfəsinin də əvəzsiz olduğunu, müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli motor yağlarının 85-90 faizinin Azərbaycanın payına düşürdüyünü, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyətinin Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdiyini diqqətə çatdırııb.
Azərbaycan rəhbərliyinin bu müharibədə həlak olanların xatirəsinə ehtiramla yanaşdığını vurğulayan A.Fərzəliyev “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksinin Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını nəzərə çatdıraraq, sahəsi 11 min 220 kvadratmetr olan ərazidə müharibə zamanı Bakıdakı hospitallarda vəfat etmiş 1462 qəhrəman döyüşçünün dəfn olunduğunu, onların arasında müxtəlif xalqların nümayəndələrinin də mövcud olduğunu vurğulayıb.
Natiq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşdığını, məhz Ulu Öndərin diqqət və qayğısı nəticəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqlarının özlərinə qaytarıldığını və bu dahi şəxsiyyətin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə Qələbə Gününün qeyd olunduğunu diqqətə çatdırıb.
A.Fərzəliyev həmçinin bildirib ki, Ulu Öndərimizin bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə müharibə veteranlarına dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindən biridir. Qələbə bayramı ərəfəsində dövlətimizin başçısının Sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə birdəfəlik maddi yardımın edilməsi bu qayğının bariz nümunəsidir.
MDB ölkələri səfirləri adından veteranları təbrik edən Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycan dövlətinin rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini xüsusi qeyd edib. Səfir, Azərbaycanın müharibə illərində möhtəşəm Qələbənin əldə olunmasında verdiyi layiqli töhfələri böyük qəhrəmanlıq adlandırmışdır.
Milli Məclisin deputatı Rasim Musabəyov, Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının sədri, general-mayor Dadaş Rzayev çıxış edərək faşizm üzərində Qələbənin 70 illiyi ərəfəsində veteranlara göstərilən dövlət qayğısı sayəsində onların yubileylərinin silsilə tədbirlərlə qeyd olunduğunu, veteranlarımızın ölkəmizin ictimai-siyasi həyatında, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak etdiyini, zəngin təcrübələrini onlarla bölüşməkdən əsirgəmədiyini bildiriblər.
Natiqlər göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, gül dəstələri düzüblər. Daha sonra kompleksdə dəfn olunmuş əsgər və zabitlərin məzarları ziyarət olunub.