Həştərxanda Müqəddəs Knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimi olmuşdur
Sentyabrın 12-də Həştərxanda Müqəddəs Knyaz Vladimirin məbədi önündə knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimi keçirilmişdir.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdir.
Əvvəlcə Knyaz Vladimirin abidəsinin ucaldılacağı yerə müqəddəs su çilənmişdir. Sonra kapsul abidənin bünövrəsinə qoyulmuşdur.
Həştərxan vilayətinin qubernatoru Aleksandr JİLKİN çıxış edərək demişdir ki, dövlətin ən böyük rəhbərlərindən birinin – Müqəddəs Knyaz Vladimirin abidəsinin təməl daşının qoyulması Heydər Əliyev Fondunun Rusiyada həyata keçirdiyi çox əhəmiyyətli işlərin daha bir təsdiqidir. Bu məbədin tarixi ona görə maraqlıdır ki, yüz ildən bir qədər çox əvvəl Həştərxanda yaşayan bütün xalqların nümayəndələrinin ianələri hesabına tikilmişdir. Ötən əsrin əvvəlində bolşeviklər bu məbədi uçurmağı planlaşdıranda məhz tatar icması azğınlaşmış ateistlərə sinə gərərək, onu məhv etməyə imkan verməmişdir.
Qubernator slavyan pravoslav mədəniyyəti üçün əlamətdar olan abidənin inşa olunmasını təklif etmiş Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək demişdir ki, bu abidə Azərbaycan və Rusiya xalqları arasında əbədi və sarsılmaz dostluğun rəmzinə çevriləcəkdir. Aleksandr Jilkin Həştərxan hökuməti tərəfindən Bakı şəhərinin guşələrindən birində bağça və ya park salınması, orada da münasibətlərimizin, dostluğumuzun rəmzinin qoyulması təklifi ilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan rəsmi müraciəti təqdim etmişdir.
Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdarəsi rəisinin müavini Sergey Çebotaryov çıxışında başqalarının görə bilmədiklərini görən Müqəddəs Knyaz Vladimirin göstərdiyi şücaətdən söz açmışdır. O, min ildən çox bundan əvvəl elə bir tarixi seçim etmişdir ki, Kiyev Rus dövlətinin, Rus dövlətinin, orada yaşayan xalqların yolunu min il irəlicədən müəyyən etmişdir. Bu böyük güc gələcəkdə möhtəşəm uğurlara nail olan xalqları səfərbərliyə almışdır. S.Çebotaryov bu abidənin yaradılması təşəbbüsünə və maliyyələşdirilməsinə görə Azərbaycana minnətdarlığını bildirmişdir.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki, bu gün biz Azərbaycan Respublikasının Həştərxan vilayəti ilə əməkdaşlığının dərinləşməsi və bütövlükdə Azərbaycan-Rusiya dostluğunun möhkəmlənməsi üçün tarixi əhəmiyyət daşıyan hadisələrin şahidləri və bilavasitə iştirakçıları olmaq şərəfinə nail olmuşuq.
Əli Həsənov qeyd etmişdir ki, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, humanizmin və şəfqətin təşviq edilməsi, etnoslararası və konfessiyalararası dialoqa yardım göstərilməsi Heydər Əliyev Fondunun və şəxsən onun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Prezident Administrasiyasının şöbə müdiri vurğulamışdır ki, Azərbaycanda Rusiyanın qədim tarixinə və mədəniyyətinə, rus xalqının zəngin ədəbiyyatına və ənənələrinə böyük ehtiramla yanaşırlar. Hər bir xalqın böyük tarixi şəxsiyyətləri vardır. Bu sırada Böyük Knyaz Vladimir xüsusi yer tutur. Tarixdən bizə məlumdur ki, o, Rus dövlətinin möhkəmlənməsində böyük rol oynamışdır. Onun hakimiyyəti illərində pravoslav xristianlığı dövlət dini seçilmişdir. Xristianlığı qəbul edən və X yüzilliyin axırlarında Rusiyanı xristianlaşdıran Knyaz Vladimir Svyatoslavoviç rus xalqının mənəvi həyatının böyük islahatçısına çevrilmişdir. Knyaz Vladimir tarix səhifələrində təkcə böyük dövlət xadimi kimi deyil, həm də ölkəsinin gələcək inkişaf yollarını müəyyən etmiş insan kimi qalmışdır.
Rusiya ilə Azərbaycanın bugünkü münasibətlərinə toxunan Əli Həsənov qeyd etmişdir ki, ölkələrimiz postsovet məkanında özünəməxsus sabitlik və tolerantlıq adalarıdır. Son vaxtlar Azərbaycan millətlərarası, konfessiyalararası və mədəniyyətlərarası dialoqa həsr olunmuş nüfuzlu beynəlxalq forumların keçirildiyi gözəl məkana çevrilmişdir. Əlbəttə, bir çox tədbirlərin təşəbbüskarı və təşkilatçısı Heydər Əliyev Fondu olmuşdur.
Əli Həsənov sonda hamını bu əlamətdar hadisə münasibətilə təbrik edərək, onlara xoşbəxtlik, əmin-amanlıq və tərəqqi arzulamışdır.
Knyaz Vladimirin abidəsinin ucaldılması barədə qərar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir. Abidənin inşası Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçiriləcəkdir. Hündürlüyü 14,5 metr olacaq abidənin maketi hazırlanır. Maketin hazırlanmasında Azərbaycan və Rusiya heykəltəraşları iştirak edəcəklər. Abidənin ətrafında park salınacaq, ərazi abadlaşdırılacaqdır.