Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

20 noyabr 2015 | 16:00

20 noyabr 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatı və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  Yeni Azərbaycan Partiyasının  (YAP) yaradılmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə YAP Nərimanov rayon təşkilatının inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad edilib.
YAP rayon təşkilatı, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar və fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əzmkar fəaliyyətinin Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, günü-gündən sıraları durmadan genişlənən YAP-nın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdiyini vurğulayıb.
A.Fərzəliyev YAP-nın böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirdiyini söyləyərək, Ümummilli Lider Heydər Əliyevin və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatların, yürüdülən daxili və xarici siyasətin xalqımızın rifah halının daha da yaxşılaşmasına, dövlətçiliyimizi daha da möhkəmləndirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb.
Natiq, qədirbilən Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyev siyasi kursunu ölkənin davamlı inkişafının, bundan sonrakı  uğurlarının, təminatlı gələcəyinin mühüm şərti olaraq dəyərləndirdiyini, dövlətimizin başçısının qeyd etdiyi kimi, hər bir partiya üzvünün dahi rəhbərin ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməli olduğununu nəzərə çatdırıb.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev YAP-nın Azərbaycanın aparıcı siyasi qüvvəsi oluğunu qeyd edib, onun yaradılmasını isə tarixi zərurətdən doğmuş, böyük tarixi hadisə kimi dəyərləndirib, onun güclü siyasi partiya kimi özünü təsdiqləməsini dövlətimizin başçısının yüksək liderlik keyfiyyətləri, böyük səriştəsi və zəngin təcrübəsi ilə şərtləndiyini söyləyib.
YAP Nərimanov rayon təşkilatının sıralarına böyük fəxrlə qoşulan, əksəriyyətinin gənclər təşkil etdiyi üzvlərinin sayının artıq 20 min 835 nəfərə çatdığını bildirən T.Tağıyev YAP və onun böyük lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürərək, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın təməlini qoyduğunu, olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsinin Heydər Əliyev fenomeninin, dühasının misilsiz qüdrətindən xəbər verdiyini diqqətə çatdırıb.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru  Vüqar Səfərli çıxışında YAP-nın böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirdiyini deyərək, Ümummilli Lider Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin mətbuata, söz azadlığına olan diqqət və qayğısının nəticəsi olaraq ölkədə aparılan demokratik islahatların söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaratdığını qeyd edib.
Digər çıxış edənlər – YAP-nın rayon təşkilatının gənclər birliyinin sədr müavini Günay İmanova, Azərbaycan Kooperasiya Universitetinin tələbə gənclər təşkilatının sədri Tamerlan Əkbərov və Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru Əlişir Musayev partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırmasının, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsinin onun tərəfdarlarının sayının artmasına səbəb olduğunu, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyanın lider dövlətinə çevrildiyini xüsusilə vurğulayıblar.
Tədbirin yekununda YAP-nın 23-cü ildönümü münasibəti ilə, həmçinin partiya və Nərimanov rayonunun ictimai-siyasi həyatında göstərdikləri xidmətlərinə görə fərqlənmiş şəxslər YAP Nərimanov rayon təşkilatının fəxri fərman və hədiyyələri ilə mükafatlandırılıblar.
Mükafat və hədiyyələrin təqdimatından sonra partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın vəsiqələri təqdim edilib.

Keçidlər