Nərimanov rayonunda Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini futbol turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib.
11 dekabr 2015-ci il tarixdə Olimpiya İdman Növləri üzrə Təlim-Məşq Mərkəzinin stadionunda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini futbol üzrə rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilmişdir.
Turnirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hər tərəfli formalaşdırmaqdır.
Qeyd edək ki, turnirdə 11 komanda iştirak etmiş: Azərbaycan Turizm və Menecment Universitetinin, “Bakı Avrasiya” Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, “ADA” Universitetinin, “Təfəkkür” Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Bakı Kompüter Kollecin, Bakı Sosial Pedaqoji Kollecin və Bakı Kooperasiya Kollecin komandaları.
Turnirdə I yeri Azərbaycan Kooperasiya Universitetinin komandası, II yeri Azərbaycan Turizm və Menecment Universitetinin komandası, II yeri isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası tutmuşdur.
Turnirin bağlanış mərasimində Azərbaycan Respublikası Təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rəşid Ağayev, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərliyi, tələbə-gənclər təşkilatlarının sədrləri və KİV nümayəndələri iştirak etmişdir.
Turnirin mükafatlandırma mərasiminindən öncə Ulu Öndərimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qaliblərin mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov öz çıxışlarında dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışmışlar. Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər, Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişlər.
Qalib komandalar İdarə tərəfindən diplom, fəxri fərman və medallar ilə təltif edilmişlər.