Nərimanov rayonunda “Narkotiklərdən uzaq olaq” mövzusunda toplantı keçirilib
18 dekabr 2015-ci il tarixdə Nərimanov rayonunda fəaliyyət göstərən Biznes və Kooperasiya Kollecində Nərimanov Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə “Narkotiklərdən uzaq olaq” mövzusunda toplantı keçirilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məsul əməkdaşları, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Rayon Polis İdarəsinin və Rayon Prokurorluğunun əməkdaşları, kollecin müəllim və tələbələri iştirak ediblər.
Tədbirin əvvəlində Respublika Narkoloji Mərkəzinin narkoloq-həkimi Asif Kəngərlinin müəllifi olduğu “Bəla” pyesi nümayiş olundu.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri İradə Mahmudova bildirmişdir ki, müşavirənin əsas məqsədi bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gəncləri fəal olmağa və onları bu sahədə maarifləndirməkdir. Müstəqil respublikamız artıq 20 ildən çoxdur ki, beynəlxalq ictimaiyyət və aparıcı dünya dövlətləri ilə birgə bu problemin həlli yolunda davamlı və məqsədyönlü addımlar atır. Bu illər ərzində Azərbaycanda narkomaniyanın qarşısının alınması sahəsində müxtəlif işlər həyata keçirilmiş, ölkəmiz beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq dövlət proqramları qəbul edilmişdir.
İ.Mahmudova qeyd etmişdir ki, Nərimanov rayonunda vaxtaşırı olaraq maarifləndirici tədbirlər təşkil edilir. Bu da narkomaniyaya qarşı mübarizə baxımından mühüm əhəmiyyətə malikdir.
Respublika Narkoloji Mərkəzinin narkoloq-həkimi Asif Kəngərli, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşları, Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov və başqa çıxış edənlər bu bəlaya qarşı aparılan mübarizə metodlarından və qəbul olunan dövlət proqramından danışaraq bu sahədə daha ciddi addımların atılmasının, təbliğat işlərinin artırılmasının vacibliyini bildiriblər.
Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verilmişdir.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.