Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev gözdən əlillər üçün yeni yaşayış binasının açılışında iştirak edib

24 dekabr 2015 | 16:00

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binası istifadəyə verilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılıb və artıq bina istismara hazırdır. Binada gözdən əlillər üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılıb. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması üçün müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunub.
Dövlətimizin başçısı yeni binanın sakinləri ilə görüşdü.
Dövlətimizin başçısı mənzillərin orderlərini sakinlərə təqdim etdi.
Sonra xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış oldular. Binadakı 132 mənzildən 22-si üç, 44-ü iki, 66-sı isə bir otaqlıdır. Burada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, son illərdə Azərbaycanın iqtisadi həyatında mühüm nailiyyətlərin əldə edilməsi ilə yanaşı, əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində vacib tədbirlər həyata keçirilir. Ölkəmizin davamlı tərəqqisi sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan əlil insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidentinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
Nərimanov rayonunda gözdən əlillər üçün yeni binanın istifadəyə verilməsi də bu kateqoriyadan olan insanlara dövlətimizin başçısının göstərdiyi qayğının bariz nümunəsidir. Hazırda gözdən əlillərin ictimai həyatın bütün sahələrində iştirakına lazımi şəraitin yaradılması üçün davamlı işlər görülür. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkənin üç bölgəsində fəaliyyətə başlayan Regional İnformasiya mərkəzləri gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların informasiya-kommunikasiya texnologiyalarından istifadəsinə geniş imkanlar yaradıb. Gözdən əlillərin peşə reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkcə 2014-2015-ci illərdə 100-ə yaxın belə şəxs brayl sistemi üzrə peşə hazırlığına cəlb olunub. Eyni zamanda, hazırda Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində gözdən əlillər üçün Tədris-Bərpa Mərkəzinin binası inşa olunur. Burada həm peşə tədrisinin, həm də tibbi xidmətin təşkili üçün müvafiq şərait yaradılacaq.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi və 8 saylı tibbi sosial ekspert komissiyasının yeni inzibati binasının açılışında iştirak etdilər.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sağlamlıq imkanları məhdud insanlara göstərdikləri qayğını və onlarla keçirilən görüşləri əks etdirən fotolardan ibarət guşə yaradılıb.
Onu da deyək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tibbi-Sosial Ekspert komissiyalarında əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm işlər aparılır. Artıq nazirliyin bütün ekspert komissiyaları müasir iş şəraiti və tibbi avadanlıqla, müayinə cihazları ilə təmin olunublar. Burada da komissiyanın normal fəaliyyət göstərməsi üçün hər cür şərait var. Bina ekspertiza cihazları, məişət avadanlığı ilə tam təmin olunub. Yeni binada yaradılan şərait əlillik müayinələrinin aparılmasına, eləcə də müayinələrin nəticələrinə dair məlumatların aidiyyəti qurumlar arasında elektron şəkildə mübadiləsinə xidmət edir. Bu isə əlillik təyinatı prosesində şəffaflığın təmin olunmasına, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsinə imkan yaradacaq.
Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi də müasir texniki avadanlıqla təchiz olunub. Mərkəzdə vətəndaşların müraciətlərinə baxılması üçün zəruri şərait var. Bu da müraciətlərə baxılmasında şəffaf iş rejiminin təmin olunmasına xidmət edir.
Prezident İlham Əliyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi - VEMTAS üzrə görülən işlərlə bağlı da məlumat verildi. Yeni sistem vətəndaşlara ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanı yaradacaq. Ünvanlı sosial yardımların təyinatı prosesində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi üçün bu sahənin tam avtomatlaşdırılması islahat tədbirlərinin əsasını təşkil edib. Bununla əlaqədar müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutan sistem formalaşdırılıb. Belə ki, vətəndaşların infoköşklərdən etdikləri elektron müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək. Bu müraciətlər əsasında vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün lazımi arayış və məlumatlar artıq onlardan yox, müvafiq dövlət qurumlarından elektron formada əldə olunacaq. Sonra əhalinin sosial müdafiəsi mərkəzləri həmin ailələrin maddi-məişət şəraitinin müayinəsini aparacaq və nəticələrin VEMTAS-a ötürülməsini təmin edəcək. Məhz bundan sonra müraciət edən ailəyə yardımın təyin olunması ilə bağlı qərar qəbul ediləcək.
Dövlətimizin başçısına məlumat verildi ki, Respublika Gözdən Əlillər Cəmiyyəti də bu binada fəaliyyət göstərəcək. Zirzəmi hissəsi Cəmiyyətin istehsalat sahəsi üçün nəzərdə tutulub. Binanın aşağı mərtəbələrində isə gözdən əlillərin asudə vaxtlarda mənalı istirahəti, habelə onlarla bağlı ictimai-mədəni tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb, ətrafda abadlıq işləri aparılıb.

Keçidlər