Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Bilik Günü” geniş qeyd edilmişdir

16 sentyabr 2012 | 15:00

Bütün ölkə ərazisində olduğu kimi Nərimanov rayonunda da “Bilik Günü” geniş qeyd edilmişdir.
Təhsilə olan dövlət qayğısının növbəti təcəssümü kimi bütün məktəblər təmir və bərpa olunaraq yeni tədris ilində qapılarını məktəblilərin üzünə açmışdır.
Rayon rəhbərliyi və millət vəkilləri Fətəli Xan Xoyski prospektindəki 45 və 200 saylı və A.Gəraybəyli küçəsindəki 207 saylı tam orta məktəblərdə növbəti tədris ilinin ilk gününə həsr olunmuş tədbirlərdə iştirak etmişlər.
Bakının Nərimanov rayonundakı Milli Qəhrəman Gültəkin Əsgərova adına 200 saylı tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra "Bilik Günü"ndə - sentyabrın 15-də qapılarını məktəblilərin üzünə açmışdır. Bu münasibətlə keçirilən tədbirdə Nərimanov rayonunun rəhbərliyi, Milli Məclisin deputatları, rayon ictimaiyyətinin nümayəndələri və bu il birinci sinfə gedən şagirdlərin valideynləri iştirak edirdilər.
Tədbiri açan BMLK-nın direktoru, filologiya elmləri doktoru Qafar Hüseynov məktəbdə aparılan təmir işləri barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, məktəbin müasir standartlara uyğun şəkildə yenidən qurulması məktəblilərin biliklərə ən yüksək səviyyədə yiyələnmələrinə öz müsbət təsirini göstərəcək.
Tədbirdə iştirak edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev məktəbin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsinə görə müəllim və şagirdləri, rayon ictimaiyyətinin nümayəndələrini təbrik etdi, övladları bu il birinci sinfə gedən valideynlərə gözaydınlığı verdi. Bu günlərdə Bakıda və Azərbaycanın bütün regionlarında yeni tikilən və təmir olunan çoxlu sayda məktəbin istifadəyə verildiyini diqqətə çatdıran Abdin Fərzəliyev dedi ki, məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda "qara qızıl"ın insan kapitalına çevrilməsi çağırışı uğurla həyata keçirilməkdədir. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətindən söz açan icra başçısı fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqram və layihələrin ölkəmizdə təhsilin inkişafına böyük töhfələr verdiyini qeyd etdi.
Abdin Fərzəliyev bildirdi ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Nərimanov rayonundakı bütün məktəblər əsaslı təmir olunur. 200 saylı tam orta məktəbin Bakının fərqlənən tədris müəssisələrindən olduğunu deyən Abdin Fərzəliyev əmin olduğunu bildirdi ki, məktəbin müasir standartlar səviyyəsində yenidən qurulması nəticəsində şagirdlər təhsildə daha böyük uğurlara nail olacaqlar.
Aparılan təmir və yenidənqurma işlərini yüksək qiymətləndirən Milli Məclisin deputatı Adil Əliyev bu məktəbin Bakının orta təhsil ocaqları arasında özünəməxsus yerinin olduğunu dedi. Məktəbin yenidən qurulmasını ölkə Prezidenti İlham Əliyevin təhsilə diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndirən Adil Əliyev bunun üçün seçiciləri adından ölkə rəhbərliyinə təşəkkür etdi.
Milli Məclisin deputatı Rasim Musabəyov bildirdi ki, müasir dünya bilik və informasiya dövrüdür. Hazırkı dövrdə o dövlətlər irəli gedir ki, insanlara yaxşı bilik verirlər. Bu baxımdan ölkəmizdə həyata keçirilən təhsil siyasətini yüksək qiymətləndirən Rasim Musabəyov dedi ki, hər kəs yaradılan şəraitdən istifadə etməlidir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova, 200 saylı məktəbin müəllimi Rəfiqə Eyvazova ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin cəmiyyətdə yüksək razılıqla qarşılandığını qeyd etdilər. Çıxış edənlər 200 saylı tam orta məktəbin bundan sonra da paytaxtın seçilən məktəblərindən biri olaraq qalacağına əminliklərini ifadə etdilər.
Daha sonra ilk zəng çalındı, məktəbin yenidənqurmadan sonra açılışını bildirən qırmızı lent kəsildi. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları məktəbin foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilə qayğısını əks etdirən fotostendlərə baxdılar, fənn kabinələrində təhsil üçün yaradılmış şəraitlə tanış oldular.
Qeyd edək ki, bağça-məktəb-lisey kompleksi 3150 yerlikdir. 200 saylı tam orta məktəbdə isə 1700 şagird təhsil alır. Təkcə bu il birinci sinfə 320 şagird qəbul olunub ki, bu da Bakı şəhəri üzrə yüksək göstəricilərdən biridir. Məktəbdə aparılan təmir və yenidənqurma işləri üç ay müddətinə tamamlanıb. Hazırda burada ən müasir standartlar səviyyəsində yenidən qurulmuş 37 sinif otağı, kitabxana, idman zalı, bufet məktəblilərin ixtiyarındadır.
 

Keçidlər