“Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.
2 mart 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov tədbirin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyətini qeyd edərək, ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun regionda və beynəlxalq arenada layiqli yer tutmasına təkan verən ordu quruculuğu və gənclər siyasətinin banisinin xalqımızın Ümummilli Lideri Heydər Əliyev olduğunu vurğulayıb.
Gənclərin dövlətimizin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsi, həmçinin əzəli torpaqları erməni qəsbkarları tərəfindən işğal edilmiş Vətənimizin cəsur keşikçiləri, düşmən sipəri olduğunu bildirən Ş.İbadov, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, Ümummilli Liderimizin siyasi kursunun ən layiqli davamçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən həm ordu quruculuğu, həm də gənclər siyasətinin mühüm rolu olduğunu, eyni zamanda dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində yeni mərhələdə daha da inkşaf etdiyini bildirib.
Natiq, Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirib.
Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəis müavini, general-mayor Novruzəli Orucov, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, şəhid ailəsi Sona Vəliyeva, “Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi” İctimai Birliyinin sədri Emin Həsənli və digər çıxış edənlər gənclərin Vətənimizin müdafiəsi, qədim tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində fəal iştirak etdiyini, mədəniyyət, idman, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanaraq, dövlətçilik ənənələrini daim uca tutduğunu, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak etdiyini və dövlətimizin onlara verdiyi stimul nəticəsində öz potensiallarından səmərəli istifadə edərək və dövlətimizin başçısının ətrafında sıx birləşərək ölkəmizin daha dinamik inkişafı istiqamətində bundan sonra da Vətənə ləyaqətlə xidmət edəcəklərinə əmin olduqlarını bildiriblər.
Onlar ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, həmçinin Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayaraq, düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığına, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əminlik ifadə ediblər.
Tədbirdə qatılan gənclər Vətənimizin sərhədlərinin keşiyində ayıq-sayıq dayandıqlarını, işğal altında olan torpaqlarımızın məfur düşməndən azad edilməsinə hər an hazır olduqlarını və bunu özləri üçün şərəf saydıqlarını bildiriblər.
Tədbirin bədii hissəsində rayonun təhsil ocaqlarının tələbə və şagirdləri, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı maraqlı konsert proqramı ilə çıxış ediblər.
Sonda müharibə veteranlarına və hərbi hazırlıq fənnində yüksək nailiyyət qazanmış şagirdlərə fəxri fərman və mükafatlar təqdim edilib.
Tədbirdə rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və xidmətin Nərimanov rayon idarəsinin şəxsi heyəti, şəhid ailələri, Qarabağ Müharibəsi veteranları və hərbi xidmətə çağırış yaşlı gənclər iştirak edib.