Prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksinin açılışında iştirak etmişdir.
Sentyabrın 21-də Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksi istifadəyə verilmişdir. Yeni kompleksdə Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində və müşavirədə iştirak etmişlər.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi.
Dövlətimizin başçısı Akademiyanın yeni tədris kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə məlumat verdi ki, xarici siyasət sahəsində uğurların əldə olunmasında ilk növbədə diplomatiyamızın xüsusi rolu vardır. Müstəqilliyimizin möhkəmləndirilməsi, dünya dövlətləri arasında Azərbaycanın ədalətli mövqeyinin təbliği və qorunması məhz diplomatların üzərinə düşən böyük və şərəfli vəzifədir. Gənc diplomatların hazırlanması və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin qorunub saxlanması istiqamətində xüsusi rol oynayan mərkəzlərdən biri də Azərbaycan Diplomatik Akademiyasıdır. Dövlətimizin başçısının 2006-cı il 6 mart tarixli Fərmanı ilə təsis edilən Azərbaycan Diplomatik Akademiyası yarandığı gündən öz fəaliyyətində xüsusi ixtisaslı diplomat kadrların hazırlanmasını və beynəlxalq münasibətlər sahəsində elmi tədqiqatların aparılmasını əsas prioritet kimi götürmüşdür. Fəaliyyətə başladığı 2007-ci ildən bəri Akademiyada 400 gənc diplomat hazırlanmışdır. 2009-cu ildən bu təhsil ocağında tədris proqramının genişləndirilməsinə və “Beynəlxalq əlaqələr və diplomatiya” sahəsində magistratura proqramının reallaşdırılmasına başlanılmışdır. 2011-ci ildən etibarən isə “Biznesin idarə edilməsi və beynəlxalq münasibətlər” üzrə bakalavr ixtisasları yaradılmışdır. Bu ixtisaslar üzrə hazırda 250 tələbə təhsil alır. Akademiyanın 19 xarici ölkədən 35 tələbəsi də vardır. Fəaliyyətinin ildən-ilə genişlənməsi və beynəlxalq əlaqələrinin əhəmiyyətli dərəcə artması Azərbaycan Diplomatik Akademiyasının yeni tədris korpusu ilə təmin olunması zərurəti yaratmışdır. Bununla əlaqədar olaraq, Prezident İlham Əliyevin Sərəncamı əsasında 2009-cu ildən paytaxtın Nərimanov rayonu ərazisində təhsil ocağının yeni tədris kompleksinin tikintisinə başlanılmışdır. Yeni tədris kompleksi ABŞ-ın EYP şirkətinin layihəsi əsasında xüsusi dizaynla yüksək standartlar səviyyəsində tikilmişdir. Bu tədris ocağı dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunmuşdur.
Kompleksin ərazisi ilə tanış olan dövlətimizin başçısına bildirildi ki, burada dörd ayrı bina - biznes və beynəlxalq münasibətlər institutları, tələbə mərkəzi və kitabxana tikilmişdir. Azərbaycanda ilk dəfə olaraq bu tədris kompleksinin havalandırma sistemi geotermal enerji ilə həyata keçirilir. Bu məqsədlə Akademiyanın ərazisində ayrıca geotermal enerji sistemi qurulmuşdur. Kompleksin ətrafında geniş yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemi qurulmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Azərbaycan Diplomatik Akademiyasının mərkəzində ucaldılan abidəsinə baxdılar.
Sonra dövlətimizin başçısı və xanımı Akademiyanın Biznes İnstitutunun üç mərtəbədən ibarət binasında yaradılan şəraitlə tanış oldular.
Bildirildi ki, Akademiyada idarəetmə sistemi tam avtomatlaşdırıldığından tələbələrin bu təhsil ocağına gəlişi, dərslərdə iştirakı və onların nəticələri avtomatik olaraq kompyuterlərə ötürülür, tələbələr tələbə kartları vasitəsilə auditoriyalara daxil olurlar. Biznes fakültəsində 40 və 80 nəfərlik elektronlaşdırılmış 20 auditoriya vardır. Bu auditoriyaların özəlliyi ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə olaraq, burada müəllimlərin tədris lövhələrində qeydləri və yazıları “smart-board” sistemi vasitəsilə “Wi-Fi” və ya “bluetooth”la tələbələrin kompyuterlərinə ötürülür. Yəni, tələbələr müəllimlərin qeydlərini birbaşa kompyuterlərində görə bilirlər. Auditoriyalarda quraşdırılan videoçəkiliş sistemi ilə Akademiyanın internet səhifəsinə yerləşdirilən dərs prosesini canlı olaraq internetdən də izləmək mümkündür. Burada 6 nəfərlik qrup auditoriyaları vardır ki, bu da tələbələrin qrup halında elmi biliklərə yiyələnməsinə imkan yaradır.
Diqqətə çatdırıldı ki, tələbələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Akademiyaya qəbul olunduqdan sonra daxili komissiya tərəfindən müsabiqədən keçirlər. Akademiyanın tələbələrinin 13-ü Prezident təqaüdçüsüdür. Son iki il ərzində Akademiyaya qəbul olan abituriyentlərin 60 nəfəri 600-dən yuxarı bal toplamışdır. Bu tələbələr və əlaçılar təhsil haqqından azaddırlar.
Vurğulandı ki, Akademiyada tədris ingilis dilində aparıldığından burada xarici ölkələrin tanınmış universitetlərindən 15 professor da daxil olmaqla 35 pedaqoq çalışır. Hər bir professorun fərdi iş otağı vardır. Burada ümumi iclas otağı və müsabiqə zalları da yaradılmışdır. Binanın üst qatında açıq havada müəllim və tələbələrin asudə vaxtlarının təşkili, o cümlədən müxtəlif tədbirlərin, ziyafətlərin keçirilməsi üçün istirahət guşəsi də yaradılmışdır.
Təhsil ocağının dördmərtəbəli kitabxana korpusu ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, Azərbaycanda ən böyük xarici dilli kitabxanaya malik olan Akademiyada ingilis dilində 120 min kitab vardır. Bu kitablar İngiltərənin “Blackwell Publishing” şirkəti tərəfindən gətirilmişdir. Kitabxanadan istifadə edən tələbələr elektron köşklər vasitəsilə istənilən ədəbiyyatı axtarıb sifariş edə bilirlər. Kitabxananın digər mühüm xüsusiyyəti burada bir milyon elektron kitabın olmasıdır ki, bu da tələbələrə kompyuterlər vasitəsilə kitabları elektron formatda oxumaq, üzünü köçürmək və çapa vermək imkanı yaradır. Kitabxanada ayrıca oxu zalları, qrup şəklində dərsliklərdən istifadəyə şərait yaradan zallar və kafeterya da mövcuddur.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Akademiyanın kitabxanasına Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan “Azərbaycan əcnəbilərin gözü ilə” kitabının 150 nüsxəsini hədiyyə etdi.
Sonra dövlətimizin başçısı və xanımı Akademiyanın Beynəlxalq Münasibətlər İnstitutunda yaradılan şəraitlə tanış oldular.
Məlumat verildi ki, burada auditoriyalar lazımi tədris avadanlığı ilə təchiz edilmişdir.
Daha sonra Prezident İlham Əliyev tələbə mərkəzi ilə tanış oldu.
Bildirildi ki, mərkəzin birinci mərtəbəsində 300 nəfərlik kafe və 300 nəfərlik iclas zalı fəaliyyət göstərir. İclas zalı yüksək keyfiyyətli audio və video çəkilişlərin aparılması məqsədilə müasir avadanlıqla təchiz olunmuşdur. Mərkəzdə Azərbaycan dövlətçiliyinin və diplomatiyasının tarixini əks etdirən zal, musiqi və rəsm dərnəklərinin keçirilməsi üçün ayrıca otaqlar vardır.
Prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyasının fəaliyyətini və yerləşdiyi ərazini əks etdirən stendlərə baxdı, təhsil ocağının əldə etdiyi nailiyyətlərlə tanış oldu.
Kompleksin avtomatik idarəetmə mərkəzinə baxan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Akademiyanın bütün ərazisi videogörüntü vasitəsilə izlənir. Avtomatik idarəetmə sistemi vasitəsilə bütün kompleksin havalandırma sisteminə, avadanlığın işləməsinə nəzarət edən idarəetmə mexanizmi də qurulmuşdur.
Akademiyanın yeni tədris kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində iştirak etdilər.
Hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 55 səfirliyi, 5 təmsilçilik ofisi, 18 beynəlxalq təşkilat yanında missiyası və 9 baş konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 53 dövlətin səfirliyi, 3 baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur. Bütün bunlar milli maraqlarımızın həmin ölkələrdə təmin olunması və ölkəmizin hərtərəfli şəkildə təbliğatı üçün geniş imkanlar yaratmışdır. Belə ki, Braziliya, Argentina, Cənubi Afrika Respublikası, Serbiya, Liviya, Estoniya və Xorvatiyada yeni səfirliklərimiz, Batumidə isə baş konsulluğumuz fəaliyyətə başlamışdır.
Azərbaycanda isə Macarıstan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan, Qırğızıstan, Argentina, Braziliya, Çexiya, Mərakeş və Niderland Krallığının səfirlikləri, habelə bir sıra digər dövlətlərin fəxri konsulluqları fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində rolunun və etimadının əhəmiyyətli dərəcədə artması, dost və tərəfdaş dövlətlərlə əlaqələrin möhkəmləndirilməsi, habelə yeni diplomatik nümayəndəliklərin təsis edilməsi diplomatik xidmət orqanları əməkdaşları qarşısında yeni vəzifələr qoymuş və hədəflər müəyyənləşdirmişdir.
2011-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzvlük üçün keçirilən seçkilərdə Azərbaycan Respublikasının 17 raunddan sonra 155 ölkənin dəstəyini qazanaraq qalib gəlməsi həmin dövlətlər tərəfindən respublikamıza olan yüksək etimadın və inamın göstəricisidir. 20 illik müstəqilliyimiz dövründə beynəlxalq arenada belə böyük uğurun əldə edilməsi Azərbaycan dövlətinin başçısı tərəfindən müəyyən olunan və həyata keçirilən xarici və daxili siyasət kursunun nailiyyətidir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında bu mötəbər quruma qeyri-daimi üzv seçilən ilk, bütün MDB məkanında isə ikinci ölkədir. Amma onu qeyd etmək istəyirəm ki, MDB ölkələrindən Ukrayna bizdən əvvəl seçilmişdi, amma Ukrayna hələ 1945-ci ildən BMT-nin üzvüdür.
Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə nitq söylədi.
Sonda diplomatlar və tələbələr dövlətimizin başçısı və xanımı ilə xatirə şəkli çəkdirdilər.