Nərimanov rayonunda “Ağ ölümlə mübarizə” mövzusunda toplantı keçirilib
20 aprel 2016-cı il tarixdə 45 saylı tam orta məktəbdə Nərimanov Rayon İcra Hakimiyyətinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Ağ ölümlə mübarizə” mövzusunda toplantı keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Rayon Polis İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirin əvvəlində narkotik maddələrin ziyanı və törətdiyi fəsadlardan bəhs edən video çarxlar nümayiş edilib.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri İradə Mahmudova bildirmişdir ki, toplantının əsas məqsədi bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gəncləri fəal olmağa və onları bu sahədə maarifləndirməkdir. Müstəqil respublikamız artıq 20 ildən çoxdur ki, beynəlxalq ictimaiyyət və aparıcı dünya dövlətləri ilə birgə bu problemin həlli yolunda davamlı və məqsədyönlü addımlar atır. Bu illər ərzində Azərbaycanda narkomaniyanın qarşısının alınması sahəsində müxtəlif işlər həyata keçirilmiş, ölkəmiz beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq dövlət proqramları qəbul edilmişdir.
İ.Mahmudova qeyd etmişdir ki, Nərimanov rayonunda vaxtaşırı olaraq maarifləndirici tədbirlər təşkil edilir. Bu da narkomaniyaya qarşı mübarizə baxımından mühüm əhəmiyyətə malikdir.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək rayon gənc və yeniyetmə idmançılarının uğurları barədə məlumat verərək pis vərdişlərdən uzaq olmağın nə dərəcədə vacib olduğunu xüsusilə vurğulamışdır. Natiq vurğulamışdır ki, hər gün yüksək əhval-ruhiyyədə olmaq, enerjili və sağlam həyat yaşamaq üçün ilk növbədə idmanla məşğul olmaq lazımdır. Bunu əsas tutaraq Nərimanov rayonunda gənclərin idmana cəlb olunmasına mühüm yer ayrılır, tədris ili ərzində bir sıra idman yarışları təşkil edilir.
Tədbirdə çıxış edən Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis polkovniki Rüstəm Rüstəmov, 8 saylı şəhər poliklinikasının həkimi Güloğlan Quliyev bu bəlaya qarşı aparılan mübarizə metodlarından və qəbul olunan dövlət proqramından danışaraq bu sahədə daha ciddi addımların atılmasının, təbliğat işlərinin artırılmasının vacibliyini bildiriblər.
Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verilmişdir.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.