Azərbaycan və Rusiya Federasiyasının subyektləri arasında iqtisadi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunmuşdur
Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 24-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşdur. Ziyarət zamanı qonaqları Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin müşayət ediblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə güllər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Daha sonra Rusiya Federasiyasını təmsil edən nümayəndə heyəti Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumunda iştirak etmişdir.
Rusiya Federasiyası Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə görüşmüşdür.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Rusiya siyasi-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafında iki ölkənin dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulamışdır.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov Azərbaycan ilə Rusiya regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır.
Görüşdə Azərbaycan və Rusiya Federasiyasının subyektləri arasında ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, iş adamları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur.
Rusiya Federasiyası Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov işgüzar səfəri çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə də görüş keçirmişdir. Bir çox sahələri əhatə edən müzakirələr zamanı Azərbaycan və Rusiya Federasiyasının subyektləri arasında iqtisadi əməkdaşlığın inkişafı məsələlərinə toxunulmuşdur. Görüşdə iştirak edənlər ölkələrimizin böyük iqtisadi potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Volqoqrad vilayəti ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətini qeyd etmişlər.