Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Mahir Mirzəyevin təltif edildiyi medal onun ailəsinə təqdim edilib.

19 may 2016 | 16:00

Qoşunların təmas xəttində mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısını alarkən qəhrəmancasına həlak olan, Nərimanov rayonundan hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü şəhid Mahir Mirzəyevin 19 may 2016-cı il tarixdə qırx mərasimi keçirilib.
Rayon rəhbərliyi, Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin əməkdaşları, şəhidin yaxınları, gənclər və ictimaiyyətin nümayəndələri şəhidin ərazi bütövlüyü uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı məkana gələrək onun məzarını ziyarət ediblər.
Böyük izdihamla keçən hüzr mərasimində isə şəhidin həyat və döyüş yolundan söhbət açılıb, bütün şəhidlərimizin ruhuna dualar oxunub.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən aprel döyüşlərində erməni hərbi birləşmələrinin hücumunun qarşısının qətiyyətlə alındığı, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində sarsıdıcı zərbələrlə qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin vahimə içində geri çəkildiyi və nəticə etibarı ilə işğal altında olan geniş ərazilərimizin azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək işğal altında olan ərazilərimizin erməni qəsbkarlarından azad edilməsi istiqamətində aparılan əməliyyatlar zamanı son damla qanınadək döyüşərək qəhrəmancasına şəhid olmuş Vətən övladlarının döyüş meydanında göstərdiyi şücaətdən danışıb, Mahir Mirzəyevin də vətənpərvər ruhda böyüdüyünü və bu ülvi hisslərin sayəsində də onun şəhidlik zirvəsinə ucaldığını qeyd edib.
Mərasimdə Mahir Mirzəyevin timsalında bütün şəhid övladlarımızın qəlbimizdə, xalqımızın yaddaşında əbədi olaraq yaşayacağı və heç zaman unudulmayacağı vurğulanaraq, bu gün xalqımızda qələbəyə inam əzminin daha güclü olduğu və bu inamın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında günü-gündən inkişaf edən, maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin sayəsində daha da yüksəldiyi, tezliklə erməni faşizmi üzərində möhtəşəm qələbənin işğal altından azad olunmuş əzəli torpaqlarımızda gerçəkləşəcəyinə əminlik ifadə edilib.
Sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə şəhidin ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi  igidliyə görə təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Hafiz Həsənov tərəfindən onun ailəsinə təqdim edilib.
Sonda Şəhidin atası Sabir Mirzəyev dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib, Mahirin tək özünün deyil, həm də şanlı Vətənin övladı olaraq müqəddəs şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu və Vətən çağıracağı təqdirdə müsəlləh bir əsgər kimi silaha sarılaraq onu göz bəbəyi tək qorumağa hər an hazır olduğunu söyləyib, şəhidlərimizin qanının yerdə qalmayacağına söz verib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər