28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
26 may 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Ailə, Qadın və Uşaq Problemlri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
Rayon rəhbərliyi, YAP rayon təşkilatı üzvləri, Dövlət Komitəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, fəal gənclər, ziyalılar və gənc ailələrin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova tariximizə nəzər salaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindən, 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən söz açıb, Cümhuriyyətin yaradılmasını tarixi hadisə kimi səciyyələndirib.
İ.Mahmudova cümhuriyyətin müstəqilliyinin çox qısamüddətli olduğunu qeyd edərək, bu iki il ərzində böyük işlərin görüldüyünü, müstəqil dövlət quruculuğunda qazandığı nailiyyətləri, mühüm dövlət strukturlarının və atributlarının yaradıldığını diqqətə çatdırıb.
Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərinin çətin keçdiyini, həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın ölkəmiz üçün böyük təhlükə olduğunu xatırladan natiq, yalnız 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığını, respublikada sabitliyin yarandığını, inkişaf dövrünün başlandığını, dövlətçiliyimizin əsaslarının formalaşdırıldığını və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyini deyərək, hazırda bu müdrik siyasətin Ulu Öndərin ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkə həyatının bütün sahələrində uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova bugünkü müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd edərək, müstəqilliyimizin əldə olunmasının heç də asan olmadığını, onun qazanılması və qorunub saxlanılması naminə minlərlə qəhrəman Vətən övladlarının canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucaldığını vurğulayıb.
Daha sonra çıxış edən AQUPDK sədrinin müavini Aynur Sofiyeva ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərlərinin daim yüksək olmasının vacibliyinə toxunaraq, tədbirin tarixi Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, milli-mənəvi dəyərlərimizin təbliği, gənc nəslə vətən, millətə sevgi hisslərinin aşılanması, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi cəhətdən də önəmli olduğunu bildirib.
Olkəmizin ailənin qorunması və milli ənənələrin saxlanması üçün geniş resurslara və zəruri bütün amilləri şərtləndirən ehtiyatlara malik olduğunu deyən A.Sofiyeva bu gün müstəqil Azərbaycanda ailə, ana, ata və uşaqların dövlət dəstəyinin tam təmin olunduğunu vurğulayıb.
Digər çıxışçılar da bu gün dövlətimizin başçısının rəhbərliyi altında beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin daha da möhkəmləndirildiyini, regional müstəvidə təsir imkanlarının artırıldığını, ölkə iqtisadiyyatının bütün sahələrdə öz dinamik inkişaf yoluna qədəm qoyduğunu və hazırda bu yolda inamla irəlilədiyini bildiriblər.
Tədbirdə həmçinin, ölkə rəhbərinin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dönməz, sarsılmaz və əbədi olan müstəqilliyinin tezliklə işğal altından azad olunmuş əzəli torpaqlarımızda ölkəmizin ərazi bütövlüyü çərçivəsində təmin ediləcəyinə əminlik ifadə olunub.
Sonda Respublika Günü münasibətilə və milli adət-ənənələrin, ailə dəyərlərinin qorunması, övladlarını milli ruhda tərbiyə etdiklərinə görə gənc ailələrə Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim edilib.