“Övladlarımızı narkomaniyadan qoruyaq” mövzusunda tədbir keçirilib.
22 iyun 2016-cı il tarixdə Nərimanov rayonunda yerləşən 258 nömrəli tam orta məktəbdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü”nə həsr olunmuş “Övladlarımızı narkomaniyadan qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə məktəbin müəllim kollektivi, valideynlər, hüquq mühafizə orqanlarının təmsilçiləri və səhiyyə işçiləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə 258 saylı tam orta məktəbin direktoru Sədaqət Hüseynova açaraq bildirdi ki, narkomaniya və onun törətdiyi fəsadlar haqqında hər bir vətəndaş maarifləndirilməli, xüsusən yeniyetmə və gənclər arasında geniş təbliğat işləri aparılmalıdır.
Daha sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Nərimanov Rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri İradə Mahmudova bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışmış, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat vermişdir.
Natiq bildirmişdir ki, narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır.
Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulamış və gəncləri, həmçinin bütün cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləmişdir.
Tədbirdə çıxış edən Bakı Şəhər Narkoloji Dispanserin həkimi Elçin Aslanov, 193 nömrəli tam orta məktəbin direktoru Rahim Hüseynov, Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işinin təşkili bölməsinin rəisi, polis mayoru Rüstəm Rüstəmov və digər natiqlər uşaqların və gənclərin zərərli vərdişlərdən mühafizəsi üçün hüquq mühafizə orqanlarının, təhsil müəsisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin zəruri olduğunu bildirdilər.
Sonda müəllim və valideynləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılmışdır.