“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.
13 oktyabr 2016-cı il tarixdə “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş və Rayonun rəhbərliyi, Milli Məclisin deputatları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari il oktyabr ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
A.Fərzəliyev ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial- mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Natiq, cari ilin sentyabrın 26-da keçirilmiş Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsinin (referendum) ölkəmizin gələcək inkişafı üçün önəminə toxunaraq, xalqımızın öz iradəsini azad, demokratik və tam şəffaf şəkildə ifadə edərək dövlətimizin başçısının yürütdüyü siyasi kursa, xalqın rifah halının daha da yaxşılaşması naminə həyata keçirilən köklü islahatlara hər zaman olduğu kimi öz dəstəyini göstərdiyini və səsvermədə Nərimanov rayon seçicilərinin də yüksək fəallıq nümayiş etdirdiyini xüsusi qeyd edib.
Hesabat dövrü ərzində Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda və orijinal layihə əsasında inşa edilmiş 4 ədəd yaşayış binasının, həmçinin Heydər Əliyev prospekti 64 və Koroğlu Rəhimov küçəsi 3A ünvanlarda yeni yaşayış binalarının istismara tam hazır vəziyyətə gətirilərək sakinlərin istifadəsinə verildiyi bildirilib.
Rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təşəbbüs və təklifləri nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarın icrasının təmin edilməsindən irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərə başlanıldığı qeyd olunaraq, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzillərdən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulmasının planlaşdırıldığını və artıq rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahıya alınaraq, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı işlərə start verildiyi əlavə edilib.
Eyni zamanda, Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına uyğun olaraq hündürmərtəbəli və çoxmənzilli yaşayış binalarının lahiyələndirilməsi və inşa edilməsi üçün müvafiq torpaq sahələrinin binaları inşa edəcək şirkətlərin istifadəsinə verilməsinin qərara alındığı, sərəncama əsasən yeni yaşayış binalarının inşa ediləcəyi ünvanlar və şirkətlərin artıq müəyyənləşdirildiyi, bütün bu məsələlərlə bağlı təşkilati işlərin icrasına başlandığı və nəhayət, bu layihələrin iş adamları tərəfindən həyata keçirilməsi nəticəsində orada yaşayan sakinlərin əvvəlki mənzillərinin sahəsindən 20-30% artıq olmaqla tam təmirli mənzillərlə təmin olunacağı, tikintinin aparıldığı müddətdə isə şirkətlər tərəfindən sakinlərə kirayə haqqının ödəniləcəyi vurğulanaraq, hazırda digər ünvanlarda da həmin işlərin davam etdirilməsi məqsədilə tikinti şirkətlərinin rəhbərləri ilə mütəmadi olaraq görüşlərin keçirildiyi diqqətə çatdırılıb.
Rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 4500 daimi iş yerinin yaradıldığı qeyd edilərək, yeni iş yerlərinin yaradılması ilə bağlı müəssisələr tərəfindən həyata keçirilən tədbirlərin Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq dəstəkləndiyi, bu sahədə onlara müvafiq köməklik göstərildiyi bildirilib.
Eyni zamanda, ötən dövr ərzində rayon rəhbərliyi tərəfindən 1714 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 21 səyyar görüş və qəbullar zamanı edilən 192 nəfərin müraciətinin dinlənilərək öz müsbət həllini tapdığı, həmçinin “Qaynar xətt-1643” xidmətinə daxil olmuş 488 müraciətdən 413-nün tam həll olunaraq, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatların verildiyi qeyd edilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hikmət Məmmədov, iş adamı, “Rahatlığın Məkanı Qold” MMC-nin direktoru Akif Mustafayev, Azərbaycan Turizm və Menecment Universiteti rektorunun səlahiyyətlərini icra edən Eldar Aslanov, iş adamı, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan “Səma” fərdi müəssisəsinin direktoru İlham Bəkirli, ali dərəcəli həkim, “Atlas” klinikasının nəzdində Dermatoloji Mərkəzin rəhbəri İbrahim Rzayev rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri dilə gətirərək, Konstitusiya islahatlarından sonra ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyacağına və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Tədbirdə həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2016-ci il tarixli, 2131 nömrəli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqubova Gülşən Fikrət qızına həmin ali mükafat təqdim edilib.
Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə ilin ilin doqquz ayı ərzində görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.