Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiya Federasiyasının Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib.

01 noyabr 2016 | 16:00

  Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində Həştərxan Vilayətinin vitse-qubernatoru Konstantin Markelovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
  01 noyabr 2016-cı il tarixində Bakıda keçirilən Forum çərçivəsində Azərbaycan və Rusiyanın müxtəlif vilayətləri arasında əməkdaşlığa dair 12 sənəd, həmçinin Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlıq barədə Niyyət Protokolu imzalanıb.
  Forumda həmçinin mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təhsil sahəsində səmərəli fəaliyyətinə və xidmətlərinə görə təltif olunmuş Həştərxan vilayətində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbin direktoru Tatyana Tixomirovaya "Tərəqqi" medalı təqdim olunub.
  Səfər çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüşü baş tutmuşdur.
  Görüşdə Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanaraq, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində son illər böyük işlərin görüldüyü qeyd edilib. Xüsusilə qeyd olunub ki, Azərbaycan ilə Rusiya Federasiyası arasında əlaqələr xalqımızın Ümummilli Lider Heydər Əliyevin dövründə öz inkişafının yeni mərhələsinə qədəm qoymuş və bu gün də Prezident cənab İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılıb.
  Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılmış, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunmuş, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
  Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə abidə ucaldılıb. Ulu öndərin adını daşıyan park yenidən qurulmuşdur. Həştərxan şəhərində yerləşən və Ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 nömrəli ümumtəhsil məktəbinin binası tamamilə yenidən qurulmuş, həmin məktəbin nəzdində müasir uşaq bağçası tikilib istifadəyə verilmişdir. Uşaq bağçasının açılışında  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Həmçinin, Həştərxan şəhərində “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılmış,  Knyaz Vladimirin abidəsi ucaldılmış və “Meçta” uşaq əyləncə şəhərciyi salınmış və uşaq kafesi istifadəyə verilmişdir.
  Eyni zamanda görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Keçidlər