Prezident İlham Əliyev 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında iştirak edib.
Dövlət başçısı mərkəzi işə saldı.
Prezident Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərkəzdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdilər.
“ASAN kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin bu ilin mayında imzaladığı Fərmanla bu mərkəzlərin yaradılması Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Pilot layihə çərçivəsində 1 saylı “ASAN kommunal” Mərkəzi paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan 653 600 vətəndaşa xidmət edəcək.
Mərkəzdə dövlətimizin başçısının “ASAN xidmət” binalarının açılışı, həmçinin “Azərişıq”, “Azərsu”, “Azəriqaz” qurumlarının müxtəlif tədbirləri zamanı çəkilən fotolarından ibarət stend də var. Ümumi sahəsi 2800 kvadratmetr olan Mərkəzdə 3 qurum - “Azərişıq” və “Azərsu” Açıq Səhmdar cəmiyyətləri, həmçinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşlara 45 növ xidmət göstəriləcək. Burada, eyni zamanda, bank və sığorta xidmətləri də təşkil edilib. Mərkəzdə 85 əməkdaş və 20 könüllü xidmət edəcək. Müasir İKT avadanlığı ilə təchiz olunan binada istirahət və stress əleyhinə otaqlar, kafe, ana-uşaq otağı, uşaq əyləncə mərkəzi də fəaliyyət göstərəcək. Mərkəzdə növbə sisteminin tənzimlənməsi üçün xüsusi monitorlar, daim internetə açıq özünəxidmət kompüterləri, rüsumlar, xidmətlər haqqında məlumatları və ərizə nümunələrinin doldurulmasını əks etdirən “elektron məlumat köşkü”, “ASAN ödəniş” terminalları, “108 Çağrı mərkəzi”nə zəng köşkü quraşdırılıb.
Akademik Həsən Əliyev küçəsində yaradılan Mərkəzdə 40 avtomobil üçün yeraltı dayanacaq var. Bu Mərkəzin yaradılması Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə görülən əhəmiyyətli işlərin ardıcıl xarakter aldığını bir daha nümayiş etdirir. Belə layihələrin icrası dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanı formalaşdırıb. Bu isə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Prezident İlham Əliyevə “ASAN ödəniş” sisteminin mobil tətbiqi barədə məlumat verildi. Bu sistemlə istifadəçilər abonent kodlarını, bank hesablarını, protokol nömrələrini və digər ödəniş təyinatlarını tətbiqin yaddaşında saxlaya və bir toxunuşla ödəniş edə bilərlər. Mobil tətbiqdə nəzərdə tutulmuş avtomatlaşdırılmış ödənişlər imkanı vaxtı gəldiyində ödənişləri istifadəçilərin əvəzinə icra edərək, bu barədə istifadəçini məlumatlandıracaq. Bu, mobil əməliyyat sisteminin Azərbaycan dilində yazılmış dövlət ödənişləri sektorunun ilk mobil tətbiqidir.
Qeyd edək ki, “ASAN viza” portalı vasitəsilə elektron viza almaq istəyənlər ödəniş etdikdən sonra həmin şəxsin vizası 3 iş günündə elektron poçt ünvanına göndəriləcək. Bu xidmət Azərbaycana gələn turistlərin sayının artmasında da mühüm rol oynayacaq. “ASAN viza” sistemi “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması haqqında” dövlətimizin başçısının 2016-cı ilin iyununda imzaladığı Fərmana uyğun olaraq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində yaradılıb.
Prezident İlham Əliyevə “ASAN Radio”nun 1 illik fəaliyyəti ilə bağlı da məlumat verildi. 100 FM dalğasında yayıma başlayan radio dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Əsas missiyası maarifləndirmək olan radioda il ərzində 1200-dən artıq veriliş, 5500-dən çox ASAN xəbər buraxılışı, 18 mindən artıq maarifləndirici reportaj yayımlanıb.
Sonra dövlətimizin başçısına “ASAN könüllüləri” təşkilatının fəaliyyəti barədə məlumat verildi. Dörd il əvvəl Prezident İlham Əliyevin tapşırığı ilə fəaliyyətə başlayan ilk 10 nəfərdən ibarət “ASAN könüllüləri” hərəkatı bu gün 10 mindən çox gənci özündə birləşdirir. Ötən dövr ərzində 35 mindən çox gənc “ASAN könüllüləri” sırasına qoşulmaq üçün müraciət edib. Könüllülər mindən artıq müxtəlif mövzulu təlimlərdə iştirak ediblər. Onlardan 700-dən çoxu asankadr.az portalı vasitəsilə müxtəlif şirkətlərdə işlə təmin olunub.
Prezident İlham Əliyevə hazırda Bakı şəhərində inşa edilən 2 və 3 saylı “ASAN kommunal” mərkəzləri barədə də məlumat verildi. Bildirildi ki, 2 saylı “ASAN kommunal” Mərkəzi Bakı dəmir yolu vağzalında, 3 saylı Mərkəz isə Ukrayna dairəsi yaxınlığında yerləşəcək. Bu mərkəzlərdə də vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək üçün bütün şərait yaradılacaq.
Sonra dövlətimizin başçısı mərkəzin kollektivi ilə görüşərək çıxış etdi.