Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan və Özbəkistan prezidentləri Dövlət Bayrağı Meydanında və Heydər Əliyev Mərkəzində olmuşlar

14 oktyabr 2012 | 15:00

Prezident İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Dövlət Bayrağı Meydanında olmuşlar.
Sonra dövlət başçıları Heydər Əliyev Mərkəzinə gəlmişlər. Prezident İlham Əliyev dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi barədə Özbəkistan dövlətinin başçısına məlumat verdi. Qeyd edildi ki, 2007-ci ildə bünövrəsi qoyulan Mərkəz bu il mayın 10-da – ulu öndər Heydər Əliyevin doğum günündə açılmışdır. Mərkəz 16 hektar ərazidə yerləşir. Burada əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Bu mədəniyyət ocağı dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmişdir. Beynəlxalq səviyyədə nadir memarlıq nümunələrindən biri olan, müasirliyi özündə dolğun ehtiva edən və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəz artıq dünya memarlığı siyahısına daxil edilmişdir.
Özbəkistan Prezidenti İslam Kərimovun diqqətinə çatdırıldı ki, ulu öndərin tükənməz irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev Mərkəzində rəsmi qəbullar, müxtəlif beynəlxalq səviyyəli konfranslar, iclaslar, mədəniyyət və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Qeyd edildi ki, Mərkəzin açılışından sonra burada bir neçə yüksək səviyyəli, o cümlədən beynəlxalq tədbir keçirilmişdir.
Ali qonaq Heydər Əliyev Mərkəzindən zəngin təəssüratla ayrıldı.
 

Keçidlər