Prezident İlham Əliyev Bakıda Uşaq Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Nərimanov rayonunda Uşaq Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlət başçısına məlumat verdi. Bildirdi ki, 2003-cü ildən fəaliyyət göstərən Uşaq Bərpa Mərkəzinin binasında indiyə qədər əsaslı təmir və yenidənqurma işləri aparılmamışdı. 2015-ci ildə mərkəzdə başlayan yenidənqurma işləri artıq yüksək səviyyədə başa çatdırılıb.
Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sağlamlıq imkanları məhdud olan uşaqlara qayğısını və onlarla keçirilən görüşləri əks etdirən fotolardan ibarət guşə var. Stasionar və ambulator bölmələrdən ibarət 42 çarpayılıq mərkəzdə 3 şöbə - informasiya-məsləhət və tədris, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələri fəaliyyət göstərir. Mərkəzin yaradılmasında məqsəd tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial statusunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Bu cür uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikasını, onların reabilitasiya potensialını təyin etmək, tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirmək, həmçinin onların şəxsiyyətinin korreksiyası məqsədi ilə kompleks psixoloji, pedaqoji tədbirlərin həyata keçirilməsi mərkəzin əsas vəzifə və funksiyalarına daxildir.
Mərkəz ən müasir cihaz və avadanlıqla təchiz edilib. Burada müasir tibb və diaqnostik cihazlar, reabilitasiya avadanlığı quraşdırılıb. Bu cihaz və avadanlıqdan təcrübəli mütəxəssislər öz fəaliyyətlərində geniş istifadə edəcək, sağlamlıq imkanları məhdud uşaqlara ən yüksək səviyyədə tibbi və bərpa xidməti göstərəcəklər. Bunun üçün mərkəzdə hər cür şərait yaradılıb, buradakı siniflər, məşğələ və həkim müayinə otaqları sağlamlıq imkanları məhdud uşaqların çəkdiyi rəsmlərlə bəzədilib.
Bu mərkəz yarandığı vaxtdan respublikanın bütün bölgələrindən olan sağlamlıq imkanları məhdud uşaqların müayinə və müalicəsini yüksək peşəkarlıqla həyata keçirir. İndiyə qədər bu müəssisədə sağlamlıq imkanları məhdud olan 15 mindən yuxarı uşağa reabilitasiya xidməti göstərilib. Mərkəzə qəbul tibbi-sosial ekspertiza komissiyaları, müalicə-profilaktika müəssisələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişləri əsasında həyata keçirilir. Xəstələrin reabilitasiyası stasionar və ambulator olaraq aparılır. Uşaq Bərpa Mərkəzində 95 nəfər işçi fəaliyyət göstərir.
Qeyd edək ki, ölkədə sağlamlıq imkanları məhdud olan uşaqların tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu da Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildiyini aydın nümayiş etdirir. Dövlətin iqtisadi siyasətinin sosialyönümlü olması, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət insan amilinə verilən yüksək dəyərin nümunəsidir. Dövlət sağlamlıq imkanları məhdud uşaqların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasını həyata keçirir.
Uşaq Bərpa Mərkəzində reabilitasiya planına uyğun olaraq xəstələrin kompleks şəkildə müalicəsi aparılır. Buraya müalicəvi bədən tərbiyəsi, fizioterapiya, masaj, hovuz müalicəsi, psixoterapiya, loqoped işi, əmək terapiyası, musiqi terapiyası və əl əməyi işi aiddir. Tədris-peşə reabilitasiyası mərkəzin fəaliyyətində xüsusi əhəmiyyət daşıyır. Burada müəyyən tədris metodikaları həyata keçirilir, musiqi terapiyası aparılır, həmçinin əmək terapiyası əsasında sağlamlıq imkanları məhdud uşaqlara xüsusi vərdişlər aşılanır. Bu kateqoriyaya aid uşaqlar müxtəlif əl işləri ilə məşğul olaraq xüsusi bacarıq nümayiş etdirirlər. Uşaq Bərpa Mərkəzi mütəmadi olaraq Uşaq Nevroloji Xəstəxanası, Uşaq Klinik Xəstəxanası, Uşaq Ruhi-Əsəb Dispanseri, Protez və Ortopediya Mərkəzi, Əlillərin Bərpa Mərkəzi, həmçinin rayon və şəhər uşaq tibb müəssisələri ilə sıx əlaqə saxlayır. Mərkəz uşaq əlilliyi reabilitasiyası sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi əsasında yeni reabilitasiya metodları hazırlayır və təcrübədə müvəffəqiyyətlə həyata keçirir. Bundan başqa, mərkəzin həkim və tibb personalı vaxtaşırı xarici ölkələrdə təkmilləşmə kursuna cəlb olunur, bilik və bacarıqlarını artırırlar. Uşaq Bərpa Mərkəzində yenidənqurmadan sonra yaradılan şərait sağlamlıq imkanları məhdud insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha nümayiş etdirir. Mərkəzin həyətində geniş yaşıllaşdırma işləri görülüb, uşaqların təmiz havada gəzinti və istirahəti üçün bütün şərait yaradılıb.