Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

13 fevral 2017 | 16:00

13 fevral 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Rayon rəhbərliyinin, Milli Məclisin deputatı Adil Əliyevin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və xidmətin Nərimanov rayon idarəsinin əməkdaşları, müharibə veteranları və gənclərin qatıldığı tədbirdə öncə torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü, eyni zamanda Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Xidmətin Nərimanov rayon İdarəsinin rəisi Qəşəm Mahmudovun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi münasibəti ilə səmimi təbriklərini bildirərək, şəxsi heyətə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun regionda və beynəlxalq arenada layiqli yer tutmasına təkan verən ordu quruculuğu siyasətinin banisinin xalqımızın Ümummilli Lideri Heydər Əliyev olduğunu deyən A.Fərzəliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yarandığı 5 il ərzində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində və fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə böyük işlər gördüyünü, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəldiyini, ordu quruculuğuna və şəxsi heyətin hərbi xidmətə qədərki nizam-intizamının formalaşması işinə səmərəli töhfələr verdiyi vurğulayıb.
A.Fərzəliyev, həmçinin Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, Ümummilli Liderimizin siyasi kursunun ən layiqli davamçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən həm ordu quruculuğu, həm də gənclər siyasətinin mühüm rolu olduğunu, eyni zamanda dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininin maddi-texniki bazasının  gücləndirilərək yeni mərhələdə daha da inkişaf etdiyini bildirib.
Ötən ilin aprel ayında mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısının  mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində qətiyyətlə alındığını, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin qorxu içində geri çəkildiyini və nəticə etibarı ilə işğal altında olan mövqelərin düşməndən azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu deyən icra başçısı, erməni qəsbkarlarına bir qarış torpaq belə güzəştə getməyən güclü ordumuzun əldə etdiyi bütün bu nailiyyətləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında günü-gündən inkişaf edən, maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və bütövlükdə bütün xalqımızın növbəti uğuru və qələbəsi kimi dəyərləndirib.
Çıxış edən Milli Məclisin deputatı Adil Əliyev Xidmətin şəxsi heyətini təbrik edərək onlara Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında çətin, lakin şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Dünyada baş verən qlobal mənfi proseslərə rəğmən ölkə rəhbərinin yürütdüyü uğurlu daxili və xarixi siyasət nəticəsində ölkəmizdə əmin amanlığın və sabitliyin bərqərar olduğunu söyləyən millət vəkili ordumuzun regionda və dünyada böyük gücə malik olduğunu, Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirib.
Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinin rəisi Qəşəm Mahmudov Vətənə xidmət etməkdən və “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsindən qürur hissi duyduğunu bildirərək, bu ali mükafata və göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə özünün və şəxsi heyətin adından dərin təşəkkürünü ifadə edib.
Q.Mahmudov xidmətin rayonda gənclərin həqiqi hərbi xidmətə hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verərək, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də xüsusi rolu olduğunu vurğulayıb, eyni zamanda qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəklərini bildirb.
Daha sonra çıxış edən ötən il aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Qarabağ müharibəsi əlili Arif Kərimov, 39 nömrəli məktəbin hərbi hazırlıq müəllimi Akif Salahov və Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, həmçinin Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayaraq, düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığına, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əminlik ifadə ediblər.
Eyni zamanda, dövlətimizin başçısının “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamı yüksək dəyərləndirilərək, bu addım böyük bir yolun, Tarixi Qayıdışın başlanğıcı olaraq tariximizin şanlı səhifəsi sayılan aprel döyüşlərinin uğurlu nəticəsi kimi xarakterizə edilib, Cocuq Mərcanlıda olduğu kimi, tezliklə işğal altından azad olunacaq əzəli Vətən torpaqlarında quruculuq və bərpa işlərinə başlanacağına tam əminlik ifadə olunub.
Sonda xidmətdə fərqlənən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsinin əməkdaşlarına, həmçinin rayonun ictimai-mədəni həyatında xidmətləri olan şəxslərə  fəxri fərman və hədiyyələr təqdim edilib.
Eyni zamanda, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xidmətin Nərimanov rayon İdarəsinin fəxri fərmanına layiq görülüb.

Keçidlər