Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin anadan olmasının 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

17 fevral 2017 | 16:00

17 fevral 2017-ci il tarixdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin anadan olmasının 23-cü ildönümünə həsr edilmiş  tədbir keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova, İlqar Mirzəyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, qohumları, fəal gənclər və məktəblilər iştirak etmişlər.
Tədbirdə ilk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi  uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd etdi ki, hər bir dövlətdə güclü оrdunun yaradılması tariхi zərurətdir. Güclü Ordusu olan dövlət basılmazdır, yenilməzdir. Milli Ordumuzda xidmət etmək Vətənə ən şərəfli xidmətdir. Çünki bu ordu Azərbaycanımızın müstəqilliyinin, onun təhlükəsizliyinin qoruyucusudur.
İ.Mahmudova bildirdi ki, son illərdə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Milli Ordumuz regionun ən güclü və qüdrətli ordusuna çevrilmişdir. İndi bu ordu torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır və bununla bağlı Ali Baş Komandanımızın əmrini gözləyir. Belə bir orduda xidmət keçmək gənclərimizdə ruh yüksəkliyini artırır, sabaha inamı gücləndirir.
Sonra çıxış edən Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov bildirdi ki, aprel döyüşlərində zabit və əsgərlərimiz böyük hünər və igidlik göstərdilər. Ümummilli Liderimiz Heydər Əliyev demişdir ki, orduda xidmət edən əsgərlər, borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbiçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.
Daha sonra çıxış edən şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev tədbir təşkilatçılarına təşəkkürünü bildirdi və Mahirin həyatı haqqında məlumat verdi. Şəhidin atası bildirdi ki, Mahir Sabir oğlu Mirzəyev 1994-cü ildə Bakı şəhərində anadan olub. Mahir Mirzəyev 2011-ci ildə orta təhsilini Nərimanov rayonunda yerləşən 36 saylı məktəbində bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin  "İqtisadiyyat və sənaye" fakültəsinə daxil oldu. Daha sonra 2015-ci ildə Qafqaz Universitetində magistr pilləsinə qəbul olmuşdur. Əsgər Mahir Mirzəyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Mahir Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Sonra şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş “Vətən sağ olsun!” sənədli filmi nümayiş edildi.
Filmin nümayişindən sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilmiş şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş basketbol və şahmat üzrə rayon turnirlərinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi.
Tədbirin sonunda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərini ifasında xor səsləndi və Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mahnılarını ifa etdi.

Keçidlər