Nərimanov rayonunun rəhbərliyi və gəncləri Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırım Muzeyində olublar
21 fevral 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon gəncləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olmuşlar.
Ekskursiya zamanı bələdçi bildirmişdir ki, Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir.
Hərbi Prokurorluğun Soyqırımı Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarətdir.
Muzeyin yaradılmasında əsas məqsəd XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri barədə tarixi həqiqətləri əyani şəkildə gələcək nəsillərə çatdırmaq və ictimaiyyət arasında təbliğini genişləndirməkdir.
Muzeyin soyqırımları və terror bölmələrində erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı alayının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə birgə hücumunu, Xocalı və ətraf ərazilərin işğalını əks etdirən maket və fotolar, habelə digər eksponatlar yer alıb. Erməni terrorçularının istifadə etdikləri partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də muzeydə saxlanılır.