İlham Əliyev Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısında iştirak etmişdir.
Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi etmişdir. Bakıda, Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XII zirvə toplantısı keçirilmişdir.
Zirvə toplantısında İƏT-in üzvü olan ölkələrin dövlət başçıları, bir sıra ölkələr isə hökumət rəhbərləri və parlament sədrləri ilə təmsil olunmuşlar. Nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə kifayət qədər təcrübəsi olan Azərbaycanın paytaxtı Bakı İƏT-in XII zirvə toplantısına hərtərəfli hazırlaşmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmonu, Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanı, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadı, Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzaini, Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarini qarşıladı.
Zirvə toplantısında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri rəsmi foto çəkdirdilər.
Azərbaycanın dövlət himni səsləndi.
İƏT-in XII zirvə toplantısını Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan açaraq dost və qardaş Azərbaycanın paytaxtı Bakıda olmaqdan böyük məmnunluğunu bildirdi.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında nitq söylədi.
Yekunda üzv ölkələrin müxtəlif sahələrdə fərqlənmiş nümayəndələrinə İƏT-in mükafatları təqdim olundu. Mükafatları Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi.