Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda cari ilin doqquz ayının yekunları müzakirə olunmuşdur.

17 oktyabr 2012 | 15:00

Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrlə bağlı Nərimanov rayonun sosial-iqtisadi inkişafının 2012-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr barədə hesabat iclası keçirilmişdir.
Tədbiri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev giriş sözü ilə açaraq oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının nitqində Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının qısa zaman kəsiyində çox uğurla icra olunduğunu, bu proqramın sona çatdırılması nəticəsində Bakı şəhəri və onun qəsəbələrində bütün infrastruktur və sosial məsələlərin həll olunacağını diqqətə çatdırdı.
İclasda qeyd edildi ki, ölkə iqtisadiyyatı doqquz ay ərzində uğurla inkişaf etmişdir.
Çox sevindirici haldır ki, ötən dövr ərzində qeyri-neft sektorunda 10,3 faiz artım əldə edilmişdir. Bu da öz növbəsində iqtisadiyyatın çoxşaxəli şəkildə inkişaf etdirilməsi, neft-qaz amilindən asılılığın aşağı salınması istiqamətində nəzərdə tutulmuş proqramların uğurla icra olunması deməkdir.
Doqquz ay ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar investisiya qoyulmuşdur ki, bunun da 70 faizini daxili investisiyalar təşkil etmişdir.
Ölkə iqtisadiyyatında özəl sektorun xüsusi çəkisi 83% təşkil etmişdir ki, bu da Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olunmasına əyani sübutdur.
İlin əvvəlindən ölkənin valyuta ehtiyatları 5 milyard dollar artaraq 45 milyard dollar səviyyəsinə çatmışdır.
Daha sonra icra başçısı rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2012-ci ilin doqquz ayında görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələri əhatə edən geniş məruzə ilə çıxış etmışdir.
Qeyd edilmişdir ki, Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülmüş və bu işlər hazırda da uğurla davam etdirilir.
Doqquz ayın yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlərdə daxil olmaqla 1 milyard 373,5 milyon manatlıq məhsul istehsal olunmuş, keçən ilin müvafiq dövrünə nisbətən 98,2 faiz artım sürəti qeydə alınmışdır. Bu dövr ərzində istehlakçılara 1 milyard 384,9 milyon manatlıq sənaye məhsulu göndərilmişdir.
Sənaye kompleksində işləyənlərin sayı 9227 nəfər təşkil etmiş, onların orta nominal əmək haqqı 10,3 faiz artaraq 410,3 manat olmuşdur.
Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 1992 daimi iş yerləri yaradılmışdır.
Ötən dövr ərzində bütün mənbələr hesabına əsas kapitala 89,8 milyon manatlıq investisiya qoyulmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3,1 dəfə çoxdur.
Tikinti təşkilatları tərəfindən öz gücləri ilə yerinə yetirilmiş işlərin həcmi 609,5 milyon manat təşkil edərək əvvəlki dövrə nisbətən 74,1 faiz artım əldə edilmişdir.
Hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunmuş, rayon sakinlərinə doqquz ay ərzində 3 min tona yaxın kənd təsərrüfatı məhsulları satılmışdır. Rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanan bu mühüm tədbirin daha da inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görülür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq Proqramlar, imzaladığı Sərəncamlar, verdiyi tapşırıqlar Nərimanov rayonunun da tərəqqisinin kompleks xarakter daşımasına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da əhalinin layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verməkdədir. Nərimanov rayonunun qısa zaman kəsiyində geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bizim rayona da dövlət başçısı möhtərəm cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir. Ötən 9 ay ərzində rayonumuzda 8 dəfə olan möhtərəm cənab Prezident burada müxtəlif açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, inşası davam edən obyektlərdə işlərin gedişatı ilə tanış olmuşdur.
Daha sonra A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal, təhsil, səhiyyə və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətində rüb ərzində görülən işlər barəsində məlumat vermişdir.
İclasa yekun vuran Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etdi ki, rayonuun daha da abadlaşdırılması, quruculuq işlərinin davam etdirilməsi, rayon sakinlərinin daha rahat yaşamaları, çalışmaları və istirahətləri üçün qarşıda daha mühüm və ciddi vəzifələr durur. Bu vəzifələrin yerinə yetirilməsi, Prezident İlham Əliyevin müəyyən etdiyi kursun inamla davam etdirilməsi, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının təmin olunması üçün lazım olan bütün tədbirləri həyata keçiriləcəkdir.
 

Keçidlər