Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinin parkında çərpələng festivalı, əyləncə proqramları və konsert təşkil olunub.

26 avqust 2017 | 16:00

26 avqust 2017-c il tarixdə Heydər Əliyev Mərkəzinin qarşısından start götürən klassik avtomobillərin yürüşündən sona Mərkəzin parkında müxtəlif yaş qrupları üçün çərpələng festivalı, əyləncə proqramları və konsert təşkil olunub.
"Küləyin rəqsi" Beynəlxalq Çərpələng Festivalı Bakıda ilk dəfə təşkil olunub. Saat 18:00-də başlayan Bakıda ilk dəfə təşkil olunan "Küləyin rəqsi" Beynəlxalq Çərpələng Festivalında 7 ölkədən 10 rəssam iştirak edib.
Rəssamların üzərinə müxtəlif rəsmlər çəkdiyi, fərqli ölçü və formalı 50 çərpələng "küləklər şəhəri" Bakının səmasını bəzəyib və rəngarəng palitra yaradaraq tamaşaçılara unudulmaz təəssürat bəxş edib.
Festival çərçivəsində həvəskar uşaqlar da səmaya 200-dək çərpələng uçurublar.
Tədbir çərçivəsində saat 17:00-dən başlayaraq Heydər Əliyev Mərkəzinin parkında azyaşlılar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.
"Sevimli bala" uşaq klubunun dəstəyi ilə qurulan oyun zonasında balacalar şar və köpük şouları, batut, sürüşkənlər, böyük ölçüdə yumşaq konstruktorlar və plastmas şahmatlar ilə çox maraqlı anlar yaşayıblar.
"The Entertainer" oyuncaq mağazasının iştirakı ilə hazırlanan əyləncə zonasında isə futbol, basketbol və digər oyun meydançaları qurulmuşdu. Burada uşaqlar, həmçinin masaüstü oyunlarda iştirak ediblər.
"Bolşoy prazdnik" şirkəti isə balacalar üçün sehrbazın fokus və illüziyalarını, müxtəlif şoular təqdim edib.
Uşaqlar Mərkəzin parkında, həmçinin müxtəlif nağıl personajları ilə şənlənib, üzlərini arzu etdikləri rəsmlərlə boyatdırıb, karikaturalar çəkdiriblər.
Bu əyləncə növləri ilə yanaşı, saat 18:00-dən saat 20:00-dək "Azəri inciləri" qrupunun və balaca ifaçı Nuray Rəhmanovanın konserti olub.
Əyləncə proqramında Bakının müxtəlif evlərində məskunlaşan valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar da iştirak ediblər. Heydər Əliyev Fondunun daimi qayğısı ilə əhatə edilən uşaqlar fərqli əyləncələrdə asudə vaxtlarını keçirib, birlikdə rəqs ediblər.
Sonda isə Heydər Əliyev Mərkəzinin parkında Əməkdar Artist Röya Ayxanın və Miri Yusifin konserti olub. Saat 20:00-də başlanan konsertdə müğənnilər tamaşaçılara maraqlı repertuar təqdim ediblər.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzi həftəsonları müxtəlif əyləncə proqramları təşkil edir. Şəhər sakinləri və qonaqların iştirak etdiyi budəfəki tədbir klassik avtomobil yürüşü və açıq havadakı sərgi, bir-birindən rəngarəng əyləncələrlə yadda qalıb.

Keçidlər