Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Böyük zalında Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə məktəbin “Nəzəriyyə” şöbəsinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elmira Pənahova “Üzeyir irsi” adlı məruzə ilə çıxış edib. Məruzədə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında geniş məlumat verilib, E. Pənahova tərəfindən hazırlanmış slayd vasitəsilə bəstəkarın əsərlərindən parçalar səsləndirilib, bəzi səhnə əsərlərinin yaradıcı heyəti və baş rollarının ilk ifaçıları, Hacıbəylilər nəslinin tanınmış musiqiçiləri (Ceyhun Hacıbəyli, Zülfüqar Hacıbəyli, Niyazi, Soltan Hacıbəyov, İsmayıl Hacıbəyov) və onların fəaliyyəti haqqında bəhs olunub. Daha sonra məruzəçı Ü. Hacıbəylinin musiqişünas, ictimai xadim və publisist kimi gördüyü işlər haqqında da maraqlı faktlar təqdim edib və onun ədəbi irsinin dəyərli nümunələrini (xalqımızın həyatı ilə bağli yazılan felyetonları) oxuyaraq bəstəkarın bir çoxuna tanış olmayan yazıçılıq istedadının da olması haqqında məlumat verib.
Tədbirin bədii hissəsində səslənən əsərlər tədbirə xüsusi rəng qatıb.
Gənc ifaçıların təqdim etdikləri musiqi çələngi tamaşaçı tərəfindən xüsusi rəğbətlə qarşılanıb.