Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhərinin Nərimanov rayonu ərazisində Həştərxan vilayəti tərəfindən inşa ediləcək Həştərxan İş Mərkəzinin təməlqoyma mərasimi keçirilmişdir.

19 dekabr 2017 | 16:00

19 dekabr 2017-ci il tarixdə Bakı şəhərinin Nərimanov rayonu ərazisində, Xəlil Rza Ulutürk küçəsində Həştərxan vilayəti tərəfindən inşa ediləcək Həştərxan İş Mərkəzinin təməlqoyma mərasimi baş tutmuşdur.
Nəzərə çatdırırıq ki, sözügedən layihə qarşılıqlı olaraq  Heydər Əliyev Fondunun təşəbbüsü  və dəstəyi ilə Həştərxanda inşa edilmiş  Azərbaycan İş Mərkəzinin layihəsi əsasında həyata keçiriləcəkdir.

Təməlqoyma mərasimində Rusiya Federasiyası tərəfindən Həştərxan vilayətinin Qubernatoru Aleksandr Jilkinin  rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan tərəfindən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Əli Həsənov, İqtisadiyyat nazirinin müavini cənab Sahib Məmmədov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev, Azərbaycan Rus İcması İctimai Birliyinin sədri, millət vəkili Mixail Zabelin və  digər rəsmi qonaqlar, rayon ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak etmişlər.

Tədbirdə çıxış edənlər - Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Əli Həsənov,  Həştərxan vilayətinin Qubernatoru Aleksandr Jilkin, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov keçirilən mərasimin iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında böyük önəm və əhəmiyyət kəsb etdiyini vurğulayaraq,  layihənin Azərbaycan ilə Həştərxan vilayəti arasında əlaqələrin dinamik inkişafına bariz nümunə olduğunu qeyd etdilər.

Çıxışlardan sonra Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Əli Həsənov və  Həştərxan vilayətinin Qubernatoru Aleksandr Jilkin xatirə müraciətini imzalamışlar.  Sonra imzalanmış müraciət gilizə yerləşdirilərək Həştərxan İş Mərkəzinin təməlinə qoyulmuşdur.

Keçidlər