“Odlar Yurdu” Universitetinin tələbələri arasında “12 noyabr –Konstitusiya Günü”nə həsr olunmuş şahmat və dama idman növləri üzrə turnir keçirilmişdir.
10 noyabr 2012-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Odlar Yurdu” Universitetində “12 noyabr –Konstitusiya Günü”nə həsr edilmiş şahmat və dama idman növləri üzrə turnir keçirilmişdir. Yarışda “Odlar Yurdu” Universitetinin tələbə-gənclər təşkilatının üzvləri və fəal tələbələri iştirak etmişdir.
Yarışın keçirilməsində məqsəd “12 noyabr – Konstitusiya Günü”nün geniş qeyd edilməsi, gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunması, Azərbaycanın tarixini dərindən öyrənilməsi və təbliğ edilməsidir. Bildiyiniz kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni konstitutsiya hazırlanması zərurəti yarandı. Bu məqsədlə 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev özünun sədrliyi ilə xüsusi komissiya yaratdı. 1995-ci il noyabrın 12-də referendum yolu ilə xalqın iradəsi ilə yeni kostitutsiya qəbul olundu.
Bununla da Azərbaycan Respublikasında dövlət quruculuğunun hüquqi əsası qoyuldu. Azərbaycan Respublikasının Konstitutsiyasının mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiya hər bir vətəndaşın cəmiyyətdə, idarəçilikdə mövqeyinin, hüquqlarının, mənafeyinin təminatçısı, onun azadlıqlarının real, həm də yeganə qarantıdır.
Tədbirin sonunda qalib gəlmiş tələbələr Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.