Həştərxan şəhərində Dövlət Bayrağı Günü qeyd edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən hər il 9 noyabr tarixində Dövlət Bayrağı Günü qeyd edilir.
Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər təkcə ölkə ərazisində deyil, həm də onun hüdudlarından kənarda da keçirilir.
Rusiya Federasiyasının Həştərxan şəhərində yerləşən Ümummilli lider Heydər Əliyev adını daşıyan 11 nömrəli məktəbin siniflərində Azərbaycan Dövlət Bayrağı Günü ilə bağlı müxtəlif tədbirlər keçirilmişdir. Sözügedən tədbirlər məktəbin rəhbərliyi, Həştərxandakı Azərbaycan diasporası və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.
İki ölkə arasındakı dostluq əlaqələrinin növbəti tərənnümü kimi məktəbdə təhsil alan şagirdlərə respublikamızın rəmzlərindan olan üçrəngli bayrağımız haqqında geniş informasiya verilmişdir. Şagirdlərə Dövlət Bayrağının tarixi, üzərindəki rəng və simvolların mənası haqqında bilgilər verilmişdir.
Şagirdlər bu keçirilən tədbirləri böyük maraqla qarşılamışlar.