“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib
“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib
17 oktyabr 2018-ci il tarixdə “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Hikmət Məmmədov və Rasim Musabəyov, Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari ilin oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
A.Fərzəliyev ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.
A.Fərzəliyev hesabat məruzəsində rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin mühüm iqtisadi göstəriciləri barədə məlumat verərək, ilin doqquz ayının yekunlarına görə sözügedən sahənin dinamik inkişafının davam etdirildiyini və bu müddət ərzində xidmətlər də daxil olmaqla 2 milyard 722 milyon manatlıq məhsul istehsal olunaraq, ötən ilin müvafiq dövrünə nisbətən 26,7 faiz artım sürətinin əldə edildiyini, istehlakçılara 2 milyard 604,3 milyon manatlıq sənaye məhsulunun göndərildiyini, eləcə də doqquz ay ərzində çox hissəsi istehsal və tikinti sahəsinin inkişafına sərf edilmiş 110,7 milyon manatlıq investisiyanın yatırıldığını, ilin əvvəlindən 4181 daimi iş yerlərinin açıldığını vurğulayıb.
Eyni zananda icra başçısı, hesabat dövrü ərzində rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərardan irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirildiyini bildirib. Belə ki, rayon ərazisində hazırda “Pilot layihə” çərçivəsində 27 sahibkar tərəfindən 35 ünvanda çoxmənzilli bina tikintisi işləri həyata keçirilir. Bu ünvanlarda yaradılacaq 35 uşaq bağçasında yerlərin sayı 5910-a bərabər olacaqdır.
Möhtərəm cənab Prezidentin Nazirlər Kabinetinin iclasında söylədiyi yekun nitqində ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində Bakı şəhərində fəaliyyət göstərən şadlıq evlərində və restoranlarda təmizləyici qurğuların quraşdırılması, eləcə də qeyri-qanuni tikililərlə bağlı verdiyi tapşırıqların icrasına uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən restoran və şadlıq evlərinin rəhbərlərinə müvafiq tapşırıqlar verildiyi və bütün bu məsələlərin ciddi nəzarətə götürülərək aidiyyəti vəzifəli şəxslərin qarşısında zəruri öhdəliklərin qoyulduğu nəzərə çatdırılıb.
Natiq, ölkə xaricində həyata keçirilən geniş layihələrə toxunaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırığına əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə cari ilin may ayının 31-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan İş Mərkəzinin təntənəli açılışı mərasiminin olduğu, həmçinin ötən ilin dekabr ayında qarşılıqlı olaraq Azərbaycan Biznes Mərkəzinin layihəsi əsasında Nərimanov rayonu ərazisində Həştərxan İş Mərkəzinin hazırda inşasının həyata keçirildiyini qeyd edib, bu layihələrin reallaşmasının respublikamızda istehsal olunan məhsulların Rusiya ərazisində yayılmasının təşkili üçün geniş imkanlar açacağına və bunun da nəticə etibarı ilə ölkəmizin ixrac potensialının artırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, eləcə də sahibkarlığın, qeyri-neft sektorunun və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına səmərəli töhfə verəcəyini xüsusi vurğulayıb.
Eyni zamanda, ötən doqquz ay ərzində rayon rəhbərliyi tərəfindən 800 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 20 səyyar görüş və qəbullar zamanı edilən 177 nəfərin müraciətinin dinlənilərək həll edilməsi istiqamətində müvafiq işlərin həyata keçirildiyi, icrası zaman tələb edən məsələlərin nəzarətə götürüldüyü qeyd edilib.
Tədbirdə çıxış edən millət vəkilləri Hikmət Məmmədov və Rasim Musabəyov, S.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova və 7 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının baş həkimi Mehriban İsayeva rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətlərdən söz açaraq, aparılan sosial-iqtisadi islahatlar nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Sonra Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 31 iyul 2018-ci il tarixli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudovaya və RİHBA-nın Rayon təsərrüfatı şöbəsinin müdiri Rəşid Ağayevə həmin ali mükafatlar təqdim edilib.
Daha sonra rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fəral iştirakına və xidmətlərinə görə Nərimanov Rayon Ağsaqqalar Şurasının sədri, professor Miri Həsənov Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə mükafatlandırılıb.
Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2018-ci ilin doqquz ayında görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.