Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

12 noyabr 2018 | 16:00

Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev binada yaradılan şərait barədə məlumat verdilər.
Qeyd edək ki, Nərimanov rayonu, Atatürk prospekti 89 ünvanında yerləşən beşmərtəbəli inzibati binada “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin fəaliyyətinin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb. Burada startaplara və innovasiyalara dəstək ekosisteminin elementləri olan “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, həmçinin İT savadlılığının artırılması məqsədilə İT Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək.
“İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, “İNNOLAND” Azərbaycanda, eyni zamanda, onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. İNNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir. Buradakı “Kovörkinq” mərkəzi startaplar, proqramçılar, innovasiyalar sahəsində tək və ya kiçik komanda ilə işləyən şəxslər üçün sərfəli və bir çox imkanları özündə birləşdirən iş yeridir. “İNNOLAND”də fəaliyyət göstərəcək “Kovörkinq” mərkəzi həftənin 7 günü 24 saat giriş imkanına, yüksək sürətli internetə, vahid məlumat köşkünə, mentor dəstəyinə malikdir.
İT Təlim-Tədris Mərkəzi isə gənclərə proqramlaşdırma və informasiya texnologiyaları üzrə biliklərin öyrədildiyi, kodlaşdırma bacarıqlarının verildiyi məkandır. Mərkəzdə süni intellekt, robotlaşdırma və onları dəstəkləyən proqramlaşdırma dillərinə üstünlük verilir. Dərslər “bootcamp” formatında üç ay ərzində hər gün keçirilir. İnkubasiya dövründə startaplara ideyalarının formalaşdırılmasına kömək göstərilir. Bu müddətdə əvvəlcədən müəyyənləşdirilmiş istiqamətlər üzrə ildə 4 dəfə ideya müsabiqəsi elan olunur. Müvafiq meyarlara əsasən müsabiqəyə əvvəlcədən müəyyənləşdirilmiş say üzrə ideya qəbul edilir. İnkubasiya dövründə uğurla formalaşmış ideyaların ilkin versiyaları test edilməsi, prototiplərin hazırlanması üçün akselerasiya mərhələsinə keçirilir. Bu mərhələdə komandaya mütəmadi şəkildə mentor dəstəyi göstərilir. Mərkəzdə fəaliyyət göstərən startaplar İnkubasiya və Akselerasiya dövründə “İNNOLAND”in innovasiyalar və İKT sahəsində ümumi fəaliyyətindən də yararlanacaqlar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada innovativ layihələrlə də tanış oldular.
Bildirildi ki, “Wattbooster” qurğusu elektrik enerjisinin faydalı iş əmsalını artırır, elektromaqnit sahəsinin hesabına daha çox enerji istehsal edir. Nəticədə elektrik avadanlıqlarının enerji sərfiyyatına qənaət olunur. Hələlik bu qurğu mobil operatorların antennalarının elektrik enerjisinin sərfiyyatının azaldılması üçün nəzərdə tutulub.
“Lia” adlı spinal qurğu onurğa sütununun vəziyyətinə nəzarət edir və insanda düzgün qamət yaradır. Mikrokontroller və iki sensordan ibarət olan, çiyindən asılan “Lia” minimum 3 həftədən sonra heç bir narahatlıq hissi doğurmadan onurğa sütununu düzəltməyə kömək edir. Sensor çiyinlərin vəziyyətini müəyyən edərək duruşun düzgünlüyünü yoxlayır. İstifadəçinin duruşu səhv vəziyyətdə olduğu halda telefonuna bildiriş gəlir və qaməti düzəltmək yada salınır.
“Safee” adlı ixtira yolda təhlükəsiz şəkildə, əsasən axşam vaxtı velosiped sürmək üçün dizayn edilib. Cihaz təhlükəsizlik işarələrini velosiped sürücüsünün bel nahiyəsinə əks etdirir. Nadir cihaz istehsal olunduğu ilk gündən dünya mediasında böyük maraq doğurub. Belə ki, BBC, Mirror, Yahoo və digər media qurumlarında layihə haqqında məqalələr dərc edilib və o, bir neçə qlobal mükafata layiq görülüb. Yaxın gələcəkdə kütləvi istehsalına başlanılacaq bu cihaz üçün bir sıra ölkələrdən yüzlərlə sifariş daxil olub.
“Wetravel” isə turizm şirkətləri üçün ödəmə şəbəkəsidir. Şəbəkə istifadəçisi olan şirkətlər bir-birləri ilə pul mübadiləsini ən aşağı komissiya ilə həyata keçirə bilərlər. Otellər, hostellər, aviaşirkətlər, səyahət agentlikləri və bu qəbildən digər şirkətlər platformanın imkanlarından yararlana bilərlər. “Wetravel” istifadəçilərə səyyah məlumatının, ödənişlərin asanlıqla toplanması, ən aşağı məzənnə ilə beynəlxalq ödənişlər kimi imkan yaradır. Platforma vasitəsilə 80-dən çox ölkəyə minlərlə səfər təşkil edilib.
“Namo Media” onlayn reklam idarəetmə sistemidir. Fox, ESPN kimi böyük xəbər saytlarının reklam idarəetməsi bu sistemlə həyata keçirilir. “Namo Media” 2014-cü ildə Twitter şirkəti tərəfindən 50 milyon dollar dəyərində qiymətləndirilərək alınıb.
Bu startaplar azərbaycanlı təsisçilər tərəfindən hazırlanıb və qlobal bazarı hədəfləyir.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “Elektron hökumət”in yeni inkişaf konsepsiyası barədə də ətraflı məlumat verildi.
Xatırladaq ki, dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illərdə bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülüb. Ölkə üzrə internet şəbəkəsinin qurulması, açıq hökumətin təşviqi internet istifadəçisi sayının artmasına səbəb olub, ictimai əhəmiyyət daşıyan informasiyanın açıqlığı və informasiya əldə etmə azadlığı təmin edilib. Bununla yanaşı, son illər vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq əsas hədəfə çevrilib. Bütün bunlara görə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiqi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zərurəti yaranmışdı. Bu işlərin sürətlə həyata keçirilməsi üçün Prezident İlham Əliyev 2018-ci il martın 14-də “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Bu Fərmanla elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi məqsədilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs fəaliyyətə başlayıb.

Keçidlər