Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ilə əlaqədar tədbir keçirilib.

20 noyabr 2018 | 16:00

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ilə əlaqədar tədbir keçirilib.

20 noyabr 2018-ci il tarixdə Nərimanov Rayon Məhkəməsində Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ilə əlaqədar tədbir keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Rayon Məhkəməsinin sədri, eləcə də əməkdaşlarının, Milli Məclisin deputatı Adil Əliyevin, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyevin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayev Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlər və qazanılan nailiyyətlərin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan genişmiqyaslı işlərin real təzahürü olduğunu, dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin və məhkəmə-hüquq sisteminin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyini, səlahiyyətlərinin xeyli genişləndiyini, cəmiyyətdə yeri və rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıb, ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyətini qeyd edib, ədliyyə işçilərinə xoş arzularını çatdırıb.
T.Paşayev peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçilərinin dövlət başçısının ətrafında sıx birləşməklə bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışaraq xalqımıza şərəflə xidmət edəcəklərinə, ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirəcəklərinə əminlik ifadə edib.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ədliyyə və məhkəmə orqanlarında çalışan bütün əməkdaşları Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə səmimi-qəlbdən təbrik edərək onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində nailiyyətlər arzulayıb.
A.Fərzəliyev müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı gününün artıq 18 ildir ki, ədliyyə və məhkəmə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunduğunu qeyd edib.
İcra başçısı ədliyyə sisteminin inkişafının əsaslı dönüş mərhələsinin məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyərək, Ümummilli Liderimizin  hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin bərqərar olaraq, ölkəmizdə demokratik hüquqi dövlətin qurulduğunu, ictimai-siyasi həyatın bütün sahələrində mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafa nail olunduğunu diqqətə çatdırıb.
Natiq, Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü işlərin, həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsini, ilk növbədə, insan hüquqlarının etibarlı təminatı, vətəndaşlara qayğılı münasibət, onlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsi təşkil etdiyini nəzərə çatdıraraq, hər bir demokratik cəmiyyətdə müstəsna əhəmiyyət kəsb edən məhkəmə hakimiyyətinin müstəqilliyinə xidmət edən bu cür köklü və sistemli islahatların uğurla davam etdirilməsi nəticəsində bu gün ölkəmizdə bütün sahələrdə mühüm nailiyyətlər qazanıldığını xüsusi vurğulayıb.
Tədbirdə Azərbaycan ədliyyəsinin son illər ərzində əldə etdiyi uğurlar, tarixi nailiyyətlər və inkişafına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Tədbirin sonunda səmərəli fəaliyyətləri ilə fərqlənən Nərimanov rayonunda fəaliyyət göstərən bir sıra ədliyyə əməkdaşlarına Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim edilib.

Keçidlər