Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Sergey Morozovun bu vəzifəyə təyin olunmasından keçən qısa bir müddət ərzində Azərbaycana səfər etməsindən məmnunluğunu bildirdi və bunu uğurlu əməkdaşlığımızın təzahürü kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanla Həştərxan arasında tarixi əlaqələrin mövcud olduğunu qeyd edərək, bu gün əməkdaşlığın genişləndiyini və birgə layihələrin həyata keçirildiyini vurğuladı və bütün bunların Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirdi. Həştərxanda Azərbaycan İşgüzar Mərkəzinin fəaliyyət göstərdiyini, Bakıda da Həştərxan İşgüzar Mərkəzinin inşasına başlanıldığını qeyd edən dövlətimizin başçısı təhsil, mədəniyyət sahələrində əməkdaşlığın yaxşı səviyyəsindən məmnunluğunu ifadə etdi və turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük perspektivlərin mövcud olduğunu dedi. Prezident İlham Əliyev bir daha Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlığın uğurla və davamlı şəkildə inkişaf edən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafına töhfə verdiyini bildirdi və ikitərəfli əlaqələrimizin genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və müxtəlif beynəlxalq səviyyədə təmaslarının rolunu xüsusi olaraq qeyd etdi.
Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozov Rusiya Prezidenti Vladimir Putinin Xəzəryanı ölkələrlə əməkdaşlığın genişləndirilməsi barədə tapşırıqlar verdiyini qeyd edərək ilk səfərini Azərbaycana həyata keçirdiyini məmnunluqla vurğuladı. O, nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək Bakıdakı inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyən Sergey Morozov bunun Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı işinə xidmət etdiyini bildirdi.
Sonra Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozov Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlığın inkişafına və dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Prezident İlham Əliyevə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordenini təqdim etdi.
Sonda xatirə şəkli çəkdirildi.