Şriftin ölçüsü :

Saytın rəngi :

Bakının Nərimanov rayonu ilə Rusiyanın Həştərxan vilayəti arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilmişdir

29 noyabr 2012 | 16:00

Bakının Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Həştərxan vilayətində səfərdədir.
Səfərin məqsədi Azərbaycan ilə Rusiya, xüsusilə Həştərxan vilayəti ilə Nərimanov rayonu arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə etmək, hazırda Həştərxan şəhərində uğurla həyata keçirilən layihələrin gedişi ilə yerində tanış olmaqdır.
Səfər çərçivəsində nümayəndə heyəti Həştərxan vilayətinin rəhbərliyi, o cümlədən qubernator Aleksandr Jilkin və Həştərxan şəhərinin meri Mixail Stolyarov ilə işgüzar görüşlər keçirmişdir. Görüşlərdə əlaqələrin daha da gücləndirilməsi, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılmışdır. Tərəflər, həmaçinin hazırda Həştərxan şəhərində Knyaz Vladimirin heykəlinin ucaldılması və ətraf ərazidə parkın salınması ilə əlaqədar layihənin həyata keçirilməsinə dair fikir mübadiləsi aparmışlar.
Qubernator Aleksandr Jilkinlə görüşdə Bakıda Azərbaycan-Həştərxan dostluğunun rəmzi olan parkın salınması məsələsinə də toxunulmuşdur.
Səfər çərçivəsində Həştərxan şəhərində Heydər Əliyev adına 11 nömrəli orta məktəbin akt zalında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Həştərxan bölməsinin fəal üzvləri ilə görüş keçirilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin, Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyevin, Həştərxan şəhərinin meri Mixail Stolyarovun və digər rəsmilərin iştirak etdikləri görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla xanım Əliyevanın adından məktəbin əlaçı şagirdlərinə, fərqlənən müəllimlərinə və təşkilatın Həştərxan bölməsinin fəal üzvlərinə qiymətli hədiyyələr və kompyuter dəstləri təqdim edilmişdir.
Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin möhtəşəm abidə kompleksinin açılışı, şəhərin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbin əsaslı şəkildə yenidən qurulması, Heydər Əliyev parkı ilə I Pyotrun abidə kompleksini birləşdirən piyada keçid körpüsünün və “Arzu” uşaq əyləncə şəhərciyinin açılışı və Knyaz Vladimirin heykəlinin təməlqoyma mərasiminin keçirilməsi Azərbaycan ilə Həştərxan vilayəti arasında əlaqələrin dinamik inkişafının bariz nümunələridir. Xatırladaq ki, həmin layihələr Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilmişdir.
Görülən genişmiqyaslı işlərin davamı olaraq cari ilin sentyabrında piyada keçid körpüsünün və “Arzu” uşaq əyləncə şəhərciyinin açılış və Knyaz Vladimirin heykəlinin təməlqoyma mərasimlərində iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva IDEA kampaniyası çərçivəsində müxtəlif tədbirlərin, o cümlədən Həştərxan məktəbliləri arasında “Təbiəti mühafizə” mövzusunda inşa müsabiqəsinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Müsabiqəyə gələn ilin fevralında yekun vurulacaqdır.
 

Keçidlər