Nərimanovda “Mülki müdafiənin vəziyyəti və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirə keçirilmişdir
Nərimanovda “Mülki müdafiənin vəziyyəti və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirə keçirilmişdir
FHN-in Bakı Regional Mərkəzi 15 yanvar 2019-cu il tarixində Nərimanov Rayon İcra Hakimiyyətində “Nərimanov rayonunda mülki müdafiənin vəziyyəti və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirəsi keçirmişdir.
Tədbirin keçirilməsində məqsəd rayonda mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, əhalinin baş verə biləcək fövqəladə hadisələrə hazırlanması və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması olmuşdur.
Tədbirdə Bakı Regional Mərkəzinin, icra hakimiyyətinin, yerli icra və özünüidarəetmə orqanlarının, eləcə də təsərrüfat və digər xidmətlərin, təhsil, səhiyyə müəssisələrinin, qaz, elektrik enerjisi və su təchizatına cavabdeh rayon qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Müşavirədə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov mülki müdafiənin mövcud vəziyyətinin təhlilinin əhəmiyyətindən söz açmış, problemlərin aşkara çıxarılaraq həll olunmasının vacibliyini diqqətə çatdırmışdır.
Daha sonra Bakı Regional Mərkəzinin nümayəndələri “Rayonda mülki müdafiə işinin təşkili sahəsində görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr”, “Rayonda xəbərdarlıq sistemlərinin, eləcə də mühəndis mühafizəsinin vəziyyəti” və “Rayonda kimyəvi mühafizənin vəziyyəti” mövzularında çıxışlar etmiş və müxtəlif obyektlərin balansında olan xəbərdarlıq sistemləri, kollektiv mühafizə qurğuları və fərdi mühafizə vasitələrinin vəziyyəti, bu sahədə mövcud olan çatışmazlıqlar və problemlərin həlli ilə bağlı məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.
Müşavirə zamanı aidiyyəti obyekt rəhbərləri tərəfindən mülki müdafiənin təşkili ilə bağlı problemlərin həlli istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat verilmişdir.
Toplantıda səslənən məruzə və çıxışlara münasibət bildirən FHN-in Bakı Regional Mərkəzinin nümayəndəsi mülki müdafiənin təşkili, xəbərdarlıq və fərdi mühafizə vasitələrinin, kollektiv mühafizə qurğularının əhalinin təhlükəsizlyinin mühafizəsindəki vacibliyini bir daha vurğulamış, bu sahədə mövcud olan problemlərin həllinin ən prioritet məsələlərdən olduğunu bir daha diqqətə çatdırmışdır.
Tədbirin yekununda mülki müdafiə sahəsində mövcud olan çatışmazlıqların aradan qaldırıması ilə bağlı aidiyyəti xidmət və obyekt rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.