Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayon gəncləri Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda olmuşlar.

03 dekabr 2012 | 16:00

01 dekabr 2012-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstətrən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatının bir qrup fəal üzvləri üçün Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna və orada yerləşən Qobustan Muzeyinə ekskursiya təşkil edilmişdir.
Ekskursiya Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda 2011-ci ildə inşa edilmiş Qobustan Muzeyindən başladı. Qeyd edək ki, Qobustan Tarixi-Bədii Qoruğunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun tikilən muzey və inzibati bina kompleksinin ümumi sahəsi 2 min 460 kvadratmetrdir. Muzeyin girişində petroqliflərin qonaqlara təqdim edilməsi üçün şərait yaradılmışdır. Burada rəsmlərin həlqəvari zolaqlar şəklində düzülməsi canlı rəqsin hərəkətlərini təcəssüm etdirir. Muzeydəki məlumat mərkəzində qonaqlar sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edə bilərlər.
Sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etmək, Qobustanın təbiəti, florası haqqında məlumatlar almaq mümkündür. Muzeyin “Qobustanda arxeoloji kəşf“ zalında petroqliflərin aşkar edilməsi və öyrənilməsi, qazıntıların aparılması prosesləri əks olunmuşdur. Burada insan sümükləri, arxeoloji təbəqələrdən tapılan daşlar, saxsı qablar və digər eksponatlar maraq doğurur. “Zamana səyahət” zalı isə tarixin müxtəlif dövrlərində Qobustandakı həyatı əks etdirir. “Qədim dövr insanlarının həyatı” zalında daş əmək alətlərinin hazırlanması və onların funksiyaları barədə məlumatlar əks olunmuşdur. 3D ölçülü daş əşyanın nümayişi, paleolit, mezolit və neolit dövrlərinə aid alətlər və onların hazırlanma üsulu 3 stenddə təqdim olunur. “Qədim dövr incəsənəti” zalı ibtidai insanların gözəllik anlayışını və bədii təxəyyülünü nümayiş etdirir. “Əsrlərdən gələn petroqliflər” zalı sayı 6 mindən çox olan ornamentləri, qayaüstü incəsənətin təkamülünü öyrənməyə imkan verir.
Sonra ekskursiya Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda davam etdirildi. Qobustan qoruğu – dünyada ən məşhur tarixi-bədii qoruqdur, məqsədi mezolit dövründən (eramızdan əvvəl VIII minillik) orta əsrlərədək dövrü əhatə edən qayaüstü rəsmlərin, kurqanların və yaşayış obyektlərinin qorunub saxlanması, öyrənilməsi və təbliğidir.
Beləliklə, qədim qayaüstü təsvirlər Azərbaycan insanının keçmişini dövrümüzə daşımış, müasir azərbaycanlıların ulu əcdadlarının min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrini xalqımızın yaddaşından silinməyə qoymamış və bəşəriyyətə dünyamiqyaslı tarixi abidəni - Qobustanı bəxş etmişdir.

 

Keçidlər