Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
25 yanvar 2019-cu il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin fəaliyyəti haqqında hesabat yığıncağı keçirilib.
Yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin rəhbərliyi, əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elmar Abbasov yığıncaqda hesabat məruzəsi ilə çıxış edərək, nümayəndəliyin ərazisinin 7,35 kv.km, əhalisinin 75809 nəfər, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatların sayının isə 24739 olduğunu deyib.
2018-ci ildə nümayəndəliyə RİHB aparatından 10 məktub, 9 sərəncam, vətəndaşlar tərəfindən 220 şifahi müraciət və 1643 nömrəli Qaynar Xəttindən 50 zəng daxil olmuşdur. Daxil olan ərizə, şikayət və məktubların icrasına ciddi nəzarət olunmuş və Rayon İcra Hakimiyyəti başçısının sərəncam və əmrləri vaxtlı-vaxtında icra edilmişdir. Ötən ildə nümayəndənin qəbulunda 172 nəfər olmuş və qəbula gələn vətəndaşların müraciətləri əsasən obyekt və qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması, maddi köməklik edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, bəzi bina və mənzillərin istiliklə təmin edilməməsi və digər məsələlərlə bağlı olmuşdur. Müraciətlərin əksəriyyəti səlahiyyətlərimiz çərçivəsində öz həllini tapmış, bəzi müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilmiş və müəyyən köməkliklər göstərilmişdir. Qaynar Xəttdən daxil olan müraciətlər tərəfimizdən ciddi nəzarətə götürülmüşdür.
İl ərzində Nərimanov rayon İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ərazisində 11 səyyar qəbul və görüşlər keçirilmiş, həmin qəbul və görüşlərdə 1142 nəfər sakin iştirak etmişdir. Keçirilən qəbullar zamanı sakinlər tərəfindən edilən 94 müraciət qeydə alınmış və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Keçirilən səyyar görüş və qəbullarda qaldırılan məsələlər küçə və məhəllədaxili yolların təmiri, maddi yardım, dam örtüyünün təmiri, məhəllələrin abadlaşdırılması, işə düzəlmə, kommunal problemlərlə, təhsil, səhiyyə müəssisələrinin təmiri, tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması və sosial yönümlü məsələlərlə bağlı olmuşdur.
“AR-sında dövlət dili haqqında” Qanunun tələblərinə zidd olaraq reklamlarının xarici dillərdə yazılmış ticarət və digər obyekt sahiblərinə xəbərdarlıq edilmiş və qanunun tələblərinə ciddi əməl edilməsi üçün müvafiq tədbirlər görülmüşdür.
Bundan başqa nümayəndəlik ərazidə qanunsuz tikintilərin, ət kəsiminin və qanunsuz küçə ticarətinin qarşısını almaq məqsədilə mütamadi reydlər keçirmişdir. Belə faktlar aşkarlandıqda qanunauyğun müvafiq tədbirlər görülmüşdür.
Qeyd olunub ki, Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətində 2018-ci il ərzində çox böyük işlər görülmüş və bu işlər uğurla davam etdirilir.