Nərimanov rayonunda “Aprel döyüşləri bizim şanlı səhifəmizdir” adlı tədbir keçirilib.
Nərimanov rayonunda “Aprel döyüşləri bizim şanlı səhifəmizdir” adlı tədbir keçirilib.
04 aprel 2019-cu il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında “Aprel döyüşləri bizim şanlı səhifəmizdir” adlı tədbir keçirilib.
Tədbirdən öncə rayon rəhbərliyi, aprel döyüşlərinin şəhidi Mahir Mirzəyevin ailə üzvləri və rayonun fəal gəncləri şəhid Mahir Mirzəyevin qəbrini ziyarət etmişlər.
Tədbir ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Nərimanov rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərlərinin, rayon ictimaiyyəti nümayəndələrinin və rayonun fəal gənclərinin qatıldığı tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etdi ki, hər bir dövlətdə güclü оrdunun yaradılması tariхi zərurətdir. Güclü Ordusu olan dövlət basılmazdır, yenilməzdir. Milli Ordumuzda xidmət etmək Vətənə ən şərəfli xidmətdir. Çünki bu ordu Azərbaycanımızın müstəqilliyinin, onun təhlükəsizliyinin qoruyucusudur. Son illərdə ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Milli Ordumuz regionun ən güclü və qüdrətli ordusuna çevrilmişdir. İndi bu ordu torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır və bununla bağlı Ali Baş Komandanımızın əmrini gözləyir. Belə bir orduda xidmət keçmək gənclərimizdə ruh yüksəkliyini artırır, sabaha inamı gücləndirir.
A.Fərzəliyev vurğuladı ki, 2016-cı ilin aprel ayında baş vermiş döyüşlər bir daha bunun bariz nümunəsidir. Aprel döyüşlərində zabit və əsgərlərimiz böyük hünər və igidlik göstərdilər. Ümummilli Liderimiz Heydər Əliyev demişdir ki, orduda xidmət edən əsgərlər, borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbiçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.
Sonra çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov, Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyatçı Baş Leytenantı, Vətənpərvər qazi Kamil Musavi, şəhid Sənan Axundovun oğlu Tahir Axundov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev qeyd etdilər ki, Azərbaycan Ordusu müdrik və qətiyyətli sərkərdəmizin cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aprel döyüşlərində qələbə qazandı, düşmənin layiqli dərsini verdi.
Natiqlər çıxışlarında uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında 2000 hektardan çox torpağımızın işğalçılardan azad edilməsindən, Azərbaycan Ordusunun tam nəzarətinə keçməsindən, uzun illərdən sonra qəhrəman döyüşçülərimizin xalqımıza yaşatdığı qələbə sevincindən danışdılar. Onlar, Ali Baş Komandanımızın da dəfələrlə dediyi sözləri sitat gətirərək, qeyd etdilər ki, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi.
Tədbirdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən hazırlanmış “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir” adlı sənədli film nümayiş etdirildi.