Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin V konfransı keçirilib.
Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin V konfransı keçirilib.
25 aprel 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov Rayon Gənclər Birliyinin V Hesabat-Seçki konransı keçirilib.
Konfrans iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular.
Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev, millət vəkili, YAP Siyasi Şurasının üzvü Hikmət Babaoğlu, millət vəkili Adil Əliyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov rayon təşkilatının sədr müavini Nəcəf Novruzov və partiya fəalları iştirak etmişlər.
Tədbir açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirdi ki, bu gün ətrafında 700 mindən çox insanı birləşdirən Yeni Azərbaycan Partiyasının sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Ulu öndərin ideyalarına sadiq qalan və Cənab Prezidentin rəhbərlik etdiyi YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.
Hesabat məruzəsi ilə çıxış edən YAP Nərimanov Rayon Gənclər Birliyinin sədr müavini Günay İmanova hesabat dövründə görülən işlər, reallaşdırılan layihələr haqqında məlumat verib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hədəfləri partiya rəhbərliyinin qarşımızda qoyduğu məsələlər və gənclərin öz təşəbbüslərinin həyata keçirilməsi ilə bağlıdır və bu vəzifələrin həyata keçirilməsində, hədəflərin öz yerini tutmasında fəallığı ilə seçilən YAP Nərimanov Rayon Gənclər Birliyinin ətrafında toplanan gənclər əllərindən gələni əsirgəməmişdir.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etdi ki, “YAP Azərbaycanın çiçəklənən gələcəyini bu gələcəyin sahibləri olacaq gənclərin yaxından iştirakı ilə qurmaq niyyətində idi. Təsadüfi deyildir ki, o, Azərbaycan gənclərinin ən çox meyl etdiyi siyasi təşkilatdır. Onun sıralarında 250 minə yaxın gənc oğlan və qız vardır. Partiyanın bütün üzvlərinin 40 faizə qədəri gənc nəslin nümayəndələridir. Sevindirici haldır ki, ilbəil YAP sıralarına daxil olanların içərisində gənclərin sayı artmaqdadır”.
Sonra millət vəkilləri Hikmət Babaoğlu, Adil Əliyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Partiyanın sıralarında sayı gün-gündən artan gənclərin dövlətimizin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsi olduğunu vurğulayıb. Ölkə gənclərinin demokratikləşmə prosesində fəal iştirak etdiyini, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanaraq, dövlətçilik ənənələrini daim uca tutduğunu, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak etdiyini vurğulayıblar.
Daha sonra Azərbaycan Kooperasiya Universitetinin Mətbuat Xidmətinin rəhbəri Tamerlan Əkbərov, YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Vüsal Əliyev çıxış edərək Cənab Prezident İlham Əliyevin Vətənimizin qüdrətlənməsinə aparan siyasi xəttini, dərin zəka, məqsədyönlü və möhkəm iradə ilə gördüyü işləri dəstəklədiklərini, ölkə başçısına olan etibar və inamlarını bildirdilər.
Sonra konfransda təşkilati məsələlərə baxıldı. YAP Nərimanov Rayon Gənclər Birliyinin Şura və İdarə Heyətinin üzvləri, həmçinin Nərminə Yunusova YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri, Tamerlan Əkbərov, Vüsal Əliyev, Günay İmanova və Faiq Məmmədli sədr müavinləri seçildikdən sonra YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçildi.
Yekunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.